Yeganə Hacıyeva: “Mahiyyəti bu cür açıq, anlaşılan formada izah etdiyinə görə Lukaşeviçə təşəkkür düşür”
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, 2017-ci il Dağlıq Qarabağ münaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır:
“Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayırıq. Bu məsələ ilə bağlı olduqca intensiv işlər görülüb. Vyanada keçirilən ATƏT XİN başçılarının Şurasının toplantısında Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ayrıca görüşü keçirilib. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü hamımızı ümidləndirdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini intensivləşdirməyə razılaşmışıq”.
Diplomat yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənildiyini də xatırladıb: “Biz bu tendensiyanı dəstəkləyirik. Həmsədrlər və ATƏT sədrinin şəxsi köməkçisi Kasprşik hər cür dəstəyə layiqdirlər”.
Lukaşeviç danışıqlar prosesini hərtərəfli dəstəklədiklərini söyləyib: “Tərəflər arasındakı ziddiyyət nazirlərin ATƏT-in fəaliyyətinin aspektləri ilə bağlı müəyyən razılığa gəlməsinə mane olurdu. Təəssüflənirik, bu faktdır. Belə vəziyyət iqtisadi səbət üzrə daha geniş qərarlara çıxmağa imkan vermir. Lakin bu ilin tendensiyası ümidvericidir. Rusiya Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı danışıqlar prosesinə, Bakı və İrəvandakı dostlarımıza qarşılıqlı məqbul olan həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır”.
Rusiyalı diplomatın açıqlamasında diqqətçəkən xüsusi bir məqam var. O deyir ki, Rusiya münaqişə tərəflərinə məqbul həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır. Belə çıxır ki, Rusiya bilərəkdən münaqişəni həll etmək istəmir? Belə təsir funksiyasına malikdirsə, niyə onu tətbiq etmir?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Cənubi Qafqaz daim Rusiyanın təsir dairəsində olub: “SSRİ dağılandan sonra da burada çox dəyişiklik baş verməyib. Rusiya bu coğrafiyada olan ölkələrin bəzilərini ərazilərində yaratdığı konfliktlər hesabına nəzarətdə saxlamaq istəyir. Bura Dağlıq Qarabağ və Gürcüstan ərazisində olan münaqişələri aid edə bilərik. Dağlıq Qarabağ konflikti Azərbaycanın ən mühüm və strateji problemi sayılır. Rusiya bunu anlayır. Gürcüstan və Azərbaycanı belə təsir altına salmağı düşünür. Ermənistana gəldikdə isə, həmin ölkə vasitəsilə Rusiya Cənubi Qafqazda hərbi mövcudluğunu saxlayır. Buna görə də Rusiyanın bu münaqişənin həllində maraqlı tərəf olması ilə bağlı bildirdiyi fikirlər səmimi deyil. Rusiyanın son 25 il ərzində bu bölgədə maraqlarını qoruyub saxlaya bilməsində ABŞ-ın da böyük “xidmətləri” olub. Yəni SSRİ-dən ayrılan ölkələrə Rusiyanın caynağından çıxmaq üçün lazımi köməklik etməyib. Bunu xüsusilə də Gürcüstanla bağlı proseslərə şamil edə bilərik. Bu baxımdan da rusiyalı diplomatın fikirlərini başa düşmək çətin deyil. O demək istəyir ki, Rusiya özünə lazım olan vaxt problemi həll edə bilər. Hazırda isə münaqişənin həlli onun marağında deyil. Çox nadir halda diplomatlar belə səmimi olurlar. Mahiyyəti bu cür açıq, anlaşılan formada izah etdiyinə görə Lukaşeviçə təşəkkür düşür”.
Məhəmmədəli QƏRİBLİ