Elşən Həsənov: “Bu addımı ilə Azərbaycan həm iqtisadi dayanıqlı, həm də humanitar fəlakətlərə həssaslıqla yanaşan ölkə imicini qazanmış olur”
Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdırlar. Belə bir məlumat BMT-nin saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd ediblər: “Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduqlarını bildiriblər”.
Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə Rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, “İrma” və “Mariya” qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.
Azərbaycanın humanitar məqsədlər üçün BMT-yə ayırdığı yardımım miqdarını artırması ölkənin beynəlxalq imicinə necə təsir edəcək?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, belə addımın atılmasının ölkənin imicinə yalnız müsbət təsiri ola bilər: “Bəli, bu xəbərlə mən də mətbuatdan tanışam və demək istərdim ki, beynəlxalq miqyaslı yardım olaraq Azərbaycan nəinki BMT-nin Fövqəladə Yardım Fonduna, ümumilikdə digər fond və təşkilatlara da köçürmələr edir ki, bu da özlüyündə beynəlxalq praktikada hər zaman tətbiq edilib.
Məsələ burasındadır ki, dünyanın maliyyə bazarlarında baş verən tənəzzülün fonunda, yuxarıda qeyd olunan fonda pul köçürmələrinin məbləğinin artırılması köçürmələr edən dövlətlərin büdcəsinə öz təsirini göstərməməlidir.
Ümumiyyətlə götürdükdə dünyanın hər hansı bir nöqtəsində baş vermiş fövqəladə hadisələr zamanı digər dövlətlərə yardım edilməsi normal sayılmalıdır və bu ilk növbədə insanlıq borcundan irəli gələn bir məsələdir. Fikir versək görərik ki, Azərbaycan özü fərdi qaydada da humanitar missiyalarda fəal iştirak edir. Belə bir faktorun olması eyni zamanda ölkədəki iqtisadi vəziyyətin normal olmasına dəlalət edir. Təbii ki, öz daxili problemlərini həll edə bilməyən ölkə xaricə humanitar yardım da edə bilməz. Bu addımı ilə Azərbaycan həm iqtisadi dayanıqlı, həm də humanitar fəlakətlərə həssaslıqla yanaşan ölkə imicini qazanmış olur”.
Məhəmmədəli QƏRİBLİ