Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın xüsusi maraq dairəsində yer alan məsələlərdən biri konfliktin beynəlxalq hüquq normaları çərçivəsində öz çözümünü tapmasıdır. Bu məsələni rəsmi Bakı bütün beynəlxalq tribunalarda gündəmə gətirir, ilk növbədə məsələnin BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında həllini tələb edir.
Xatırladaq ki, sonuncu dəfə bu məsələyə ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən iclasında toxunulub. Burada çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir daha qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında konfliktin həlli üçün müvafiq addımlar atılmalıdır.
Nazir onu da vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərar və sənədləri münaqişənin həlli və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir: «BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin Minsk Konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır». Beləliklə, Azərbaycan məsələni kifayət qədər konkret şəkildə qoyur. Problemin sülh yolu ilə həlli üçün imkanlar hələ tükənmədiyindən, Azərbaycan ərazi bütövlüyünün bərpası məqsədilə diplomatik cəbhədə müvafiq addımlar atmaqda davam edir. Bu, həm də Azərbaycanın sülh yoluna sadiq olduğunun göstəricisidir. Lakin Azərbaycan indiki vəziyyətlə barışmağın mümkünsüzlüyünü də ən yüksək səviyyədə bəyan edir. Rəsmi Bakı bildirir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinin icrasında bundan sonra da problem yaranmaqda davam edərsə, məsələnin güc yolu ilə çözümü qaçılmazdır. Bu fonda həm diplomatik, həm də hərbi müstəvidə Ermənistana təzyiqlər artmaqdadır. Elə bunun nəticəsində artıq beynəlxalq aləmdə bütün nüfuzlu təşkilatlar tərəfindən Ermənistan işğalçı ölkə kimi qəbul olunmaqla yanaşı, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi daha çox gündəmə gətirilir. Qeyd edilən səbəbdəndir ki, beynəlxalq səviyyədə keçirilən müxtəlif görüşlərdə, zirvə toplantılarında, konfranslarda Ermənistanın işğalçı dövlət olduğu qeyd edilir. Eləcə də Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq sənədlərdə öz təsdiqini tapıb. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Amma təbii ki, həm sənədlər arasında ən önəmlisi yuxarıda barəsində bəhs edilən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələridir. Çünki məhz BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən dörd qətnamənin şərtlərinin yerinə yetirilməsi hər zaman rəsmi Bakı tərəfindən ilk növbədə gündəmə gətirilir.
Xatırlatmaq yerinə düşərdi ki, məhz barəsində bəhs edilən qətnamələrin şərtləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını nəzərdə tutur. Bir daha qeyd edək ki, sözügedən qətnamələrdən ilki BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Kəlbəcərin işğal olunmasından sonra qəbul edilən bu qətnamədə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunur. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsinin qeyd olunduğu qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilir.
Digər tərəfdən, sənəddə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal edilmiş başqa rayonlarından dərhal çıxarılması tələb edilir. Qətnamədə bölgədə sabitliyin və əminamanlığın təhlükə altında olduğu vurğulanır, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilir: «Təhlükəsizlik Şurası çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə durumla bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:
1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir;
2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışığı bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir;
3. Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar».
Beləliklə, bu sənəddə işğalçı Ermənistana beynəlxalq miqyasda konkret xəbərdarlıq edilir, həmçinin konkret şərtlər qoyulur. Amma həmin vaxt Ermənistana qarşı konkret təzyiq mexanizmlərinin işə salınmaması səbəbindən Qarabağ konflikti ilə bağlı BMT Təhlükəsizlik Şurasının ilk qətnaməsi icra edilmədi. Azərbaycan isə bu vəziyyətlə barışa bilməzdi və elə BMT müstəvsində diplomatik təzyiqlərini davam etdirirdi.
Bundan irəli gəlir ki, Ermənistan Silahlı Qüvvələrinin 822 saylı qətnamənin qeyd olunan bu və digər şərtlərinə əməl etməməsi BMT Təhlükəsizlik Şurası tərəfindən əlavə qətnamələrin qəbul edilməsilə nəticələndi. Dağlıq Qarabağ münaqişəsilə bağlı 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qəbuluna əsas səbəb Ermənistan ordusunun Ağdam rayonunu işğal etməsi oldu. Elə bu səbəbdən 853 saylı qətnamədə Ağdam rayonunun işğal olunması xüsusilə qeyd edilir və hərbi əməliyyatların güclənməsindən təşviş ifadə olunurdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. Təhlükəsizlik Şurası növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyini bəyan edərək, ATƏM-in sülh prosesini sürətləndirmək cəhdlərini təqdir etdiyini də vurğulayırdı. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və Azərbaycanın bəzi ərazilərinin işğalı faktı da bu sənəddə xüsusi qeyd edilir və təcavüz aktlarının regionda sülhə ciddi mane olduğu göstərilirdi.
Ancaq 853 saylı qətnamə məzmununa və həcminə görə, əvvəlki qətnamədən xeyli fərqlənirdi. Belə ki, 822 saylı qətnamədə Azərbaycan ərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etməsinə diqqət yetirilirdi. Yeni qətnamədə isə işğalçı kimi artıq konkret olaraq yerli erməni qüvvələrindən bəhs edilmirdi. Bu dəfə ermənilər münaqişədə iştirak edən işğalçı tərəf kimi təqdim olunrdu ki, bu, artıq Ermənistanının bir dövlət kimi işğal prosesində iştirak etdiyinə bir işarə sayıla bilərdi. Məhz həmin işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş bütün digər ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunrdu. 853 saylı qətnamənin 9 və 10-cu bəndlərində səslənən fikirlər Ermənistanın artıq BMT tərəfindən işğalçı dövlət kimi qəbul edildiyinin göstəricisi idi. Belə ki, qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğunu qəbul etdiyini göstərmiş olurdu. 853 saylı qətnamənin 10-cu bəndində isə konkret ad çəkilməsə də, burada yer alan fikirlərin bilavasitə Ermənistana ünvanlandığı aydın görünür. Həmin bənddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalınm davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır. Xatırladaq ki, həmin dövrdə Dağlıq Qarabağ ermənilərinin əsas silah təchizatı məhz Ermənistandan gəlirdi. 853 saylı qətnaməni əvvəlkindən fərqləndirən digər mühüm cəhət isə o idi ki, burada mülki şəxslərə hücumlar edildyi və yaşayış rayonlarının bombalanması, top atəşlərinə tutulması qeyd edilərək pislənirdi. Bütün bunlar yeni qətnamənin Ermənistan üçün əvvəlkindən sərt xarakter daşıdığını əyani şəkildə nümayiş etdirirdi.
Baş verənlər həm də BMT kimi nüfuzlu bir qurumun hüquqi müstəvidə Qarabağ münaqişəsinə yanaşmada obyektivlyini ortaya qoyurdu. Bu o vaxt Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və ölkəmizin Ermənstan qarşısında mövqelərini əhəmiyətli dərəcədə gücləndirirdi. Amma əsas problem qətnamələrin şərtlərinin icrası üçün mexanizmlərin işə salınması idi və əslində, indi də davam edən bu problemin aradan qaldırılması istiqamətində Azərbaycan fəal iş aparır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.