Qabil Hüseynli: “Bu mühüm təşkilatda çox ciddi qərarların qəbul ediləcəyi qənaətindəyəm”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək, müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.
Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Tramp sələfləri ABŞ-ın İsrailə 22 il öncə verdiyi sözü tutmadığına görə bu qərarını “gecikmiş addım” adlandırıb. Lakin Qüdsün statusu mübahisəli bir məsələdir və çoxları bu məsələnin israillilərlə fələstinlilər arasında müzakirə olunmalı olduğuna inanır.
Fələstinlilər və onların tərəfdarları ABŞ Prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarını qəzəblə qarşılayıblar.
İlham Əliyevin Qüdslə bağlı keçiriləcək sammitdə iştirakının ölkəmiz üçün nə kimi əhəmiyyəti ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Qüds hadisələri bir presedent kimi yararlanmaq üçün Azərbaycana daha çox şans verir: “Bu qərar geri götürülənə qədər ABŞ-da, Yaxın Şərqdə, həm Qüdsün özündə, həm də İsrailin müxtəlif bölgələrində terrorçu qruplaşmaların fəallığı artacaq. Düşünülməmiş və ABŞ-ın xarici siyasət prioritetlərinə uyğun olmayan, beynəlxalq hüquqla ziddiyyət təşkil edən bu qərarın ABŞ üçün ciddi qınaq mənbəyinə çevriləcəyi şəksizdir. Tramp artıq bütün dünyanın tənqid obyektinə çevrilib. Hətta Qərb ölkələrinin siyasi liderləri də Trampın bu qərarını qəbul etmirlər. Müsəlman dünyası da bir-birinin ardınca Trampın bu qərarına qarşı bəyanatlar səsləndirir. İƏT-in toplanacağı da gözlənir. Bu mühüm təşkilatda çox ciddi qərarların qəbul ediləcəyi qənaətindəyəm. ABŞ belə qərar verməsinə baxmayaraq, öz səfirliyini uzun müddət Qüdsə köçürməyəcək və bu qərar havadan asılı olaraq qalacaq. Bu baxımdan da İlham Əliyevin İstanbulda təşkil olunacaq tədbirdə iştirakı zəruridir. Çünki Azərbaycan yürütdüyü siyasətdə həm bəşəri dəyərlərə, həm də müsəlman kimliyinin qorunmasına sahib çıxır. Azərbaycan dünyəvi ölkə olsa da, islami dəyərlərin təəssübkeşi olmağı da öndə tutur”.
Məhəmmədəli QƏRİBLİ