Vüqar Qədirov: “Ancaq reallıq bundan ibarətdir ki, bu istiqamətdə heç bir razılaşma əldə olunmayıb”
“ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT müşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
S.Lavrov bildirib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentlərinin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib: “Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb”.
Qeyd edək ki, müşahidəçilərin sayının artırılması ilə bağlı tərəflərin razılığa gəlməsinə dair mövzu bir müddət əvvəl də aktuallaşanda Prezident İlham Əliyev buna münasibət bildirərək demişdi ki, belə məsələ ətrafında heç bir razılıq əldə olunmayıb və status-kvonun dəyişdirilməsi kimi prinsipial məsələnin üzərində razılaşma öz həllini gözlədiyi bir vaxtda Azərbaycan texniki xarakterli məsələlərin gündəmə gətirilməsinə xüsusi önəm vermir. Yəni Azərbaycan Prezidenti haqlı olaraq vurğulamışdı ki, müşahidəçilərin sayında dəyişiklik Qarabağ məsələsinin həllində heç bir irəliləyişə səbəb olmayacaq. Belə olan təqdirdə, Lavrovun səsləndirdiyi fikri necə başa düşmək olar?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, Lavrovun bu fikirləri nəyə əsasən söyləməsi maraqlıdır: “Ermənilər hər vəchlə çalışırlar ki, təmas xəttinə, Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçiləri gətirərək işğal olunmuş ərazilərdə arxayın otursunlar. Anlayırlar ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb və biz hər an onları torpağımızdan kənara çıxara bilərik. Ermənilərin ümidi bir tərəfdən Rusiyanın himayəsinə, digər yandan isə təmas xəttinə müşahidəçilər, araşdırma missiyası yerləşdirməklə özlərini sığortalamağa qalıb. Ermənistanın indiki iqtidarı Azərbaycan torpaqlarını işğal etməklə, azərbaycanlılara qarşı soyqırım törətməklə İrəvanda hakimiyyəti zəbt edib və bundan özlərinin varlanmağı üçün istifadə edirlər. Tərəflər arasında gedən danışıqlarda bu detalın qabardılmasında erməni tərəfi daim maraqlı olub. Ancaq Azərbaycan tərəfi bilir ki, bütün bunlar münaqişənin həllini uzatmağa yönələn tələblərdir, ona görə də razılaşmayıb. Lavrovun konkret olaraq işarə etdiyi görüşlərdə belə bir razılşamanın əldə olunmasına dair dedikləri isə Azərbaycan tərəfindən təkzib olunub. Bu baxımdan da Lavrovun nəyə əsaslanaraq belə fikir söylədiyini təxmin etmək çətindir. Bəlkə də Lavrov öz ürəyindən keçənləri dilə gətirir, bunu deyə bilmərəm. Ancaq reallıq bundan ibarətdir ki, bu istiqamətdə heç bir razılaşma əldə olunmayıb”.
Məhəmmədəli QƏRİBLİ