Azər Həsrət: “Qanun mümkün qədər tez qüvvəyə minməli və tətbiq olunmalıdır”
Xəbər verildiyi kimi, Azərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq. Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 19-cu (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi) maddəsinə əlavələr təklif edilir.
Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.
Sözügedən layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
O da məlumdur ki, jurnalist adına iddia edən bəzi şəxslər zaman-zaman qanunda mövcud olan müəyyən boşluqlardan sui-istifadə edərək müəyyən neqativ hallara yol verirlər. Dəfələrlə belə şəxslərə müxtəlif xəbərdarlıqların edilməsinə baxmayaraq, onlar bu kimi qanunsuz əməllərdən əl çəkmirlər. Bu da haqlı olaraq daha sərt tədbirlərin görülməsi zərurətini ortaya qoyur.
O baxımdan ekspertlər sözügedən məsələ ilə bağlı təklifləri necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət buna müsbət prizmadan yanaşdı. Onun fikrincə, sözügedən qanunu daha da sərtləşdirmək lazımdır. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Arzu edərdim ki, qanunvericiliyə daha sərt tənzimləmə gətirilsin. Çünki neçə illərdir biz “reket jurnalistlər”in mediadan sui-istifadə etmələri ilə bağlı həyəcan təbili çalırıq. Eyni zamanda, təkliflər də veririk ki, bunların qarşısını almaq üçün dövlət daha sərt addımlar atsın. Çıxışlarımda da bunu dəfələrlə demişəm. Məsələ ondadır ki, bir sürücü hansısa ağır cəza törədəndə onu sürücülük hüququndan bəlli bir müddətə və yaxud da ömürlük məhrum edirlər. Hansısa məmur dövlət qulluğu ilə bir araya sığmayan fəaliyyətə yol verdikdə, dövlət qulluğundan uzaqlaşdırılır. Hesab edirəm ki, jurnalistika ilə bir araya sığmayan fəaliyyətə yol vermiş, jurnalistikadan sui-istifadə etmiş şəxslərin bu sahədən, bu peşədən ümumiyyətlə uzaqlaşdırılması üçün qanun qəbul edilməlidir. Çünki belələri başqa addım atmağa yer qoymurlar. İndi, əlbəttə ki, ilkin addım kimi belə tədbirlərin görülməsi düşünürəm məqbul variantdır. Artıq bu bir həyəcan təbili, xəbərdarlıq olacaq. Adamlar görsək ki, buna da məhəl qoymurlar, bəlli bir müddətdən sonra yenidən bu işə qayıdıb jurnalistikadan sui-istifadə edirlər, o zaman qanunun daha da sərtləşdirilməsi üçün təkliflər olacaq. Ancaq indilikdə düşünürəm ki, bu, vaxtında atılmış addımdır və mütləq Milli Məclis bunu təsdiqləməlidir. Eyni zamanda, qanun mümkün qədər tez qüvvəyə minməli və tətbiq olunmalıdır. Hesab edirəm ki, sözügedən qanun qüvvəyə mindikdən sonra biz bu sahədə bir sıra dəyişikliklərin şahidi ola bilərik”.
Vidadi ORDAHALLI