Elçin Mirzəbəyli: “Hesab edirəm ki, bunun təbliğat baxımından mühüm əhəmiyyəti var” Hikmət Hacıyev: “Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dekabrın 11-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin, kütləvi informasiya vasitələri təmsilçilərinin Tərtər rayonuna səfərini təşkil edib.
Komitədən sözügedən məsələ ilə bağlı verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin, Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olublar.
Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə sülhpərvər siyasət yeridir və bundan ötrü nə mümkündürsə, onu edir. Ötən illər ərzində dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində xeyli sayda qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Nəinki Bakıda, o cümlədən cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrində də məcburi köçkünlər üçün qəsəbələr salınıb. Ümumilikdə, xarici ölkə diplomatları və media təmsilçilərinin Tərtər səfərinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli buna bir neçə aspektdən yanaşdı: “Belə səfərlər mütəmadi olaraq təşkil olunur. Hər dəfə komitə tərəfindən diplomatlar, xarici və yerli media nümayəndələrinin Qarabağ bölgəsinə, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə səfəri təşkil olunur. Səfər nəticəsində diplomatlar və media təmsilçiləri ölkə həqiqətlərini görürlər. Budəfəki səfərdə 2 mühüm aspekt var. Birinci aspekt Azərbaycan dövlətinin məcburi köçkünlər üçün yaratdığı şəraitlə bağlıdır. Bu onu nümayiş etdirir ki, dövlət öz sosial siyasətini davam etdirir və Azərbaycanda məcburi köçkünlərlə, qaçqınlarla bağlı problem Prezident İlham Əliyev üçün birinci prioritet olaraq qalmaqdadır. Digər amil isə ermənilərin dağıtdığı və bərpa olunan məlum abidə ilə bağlıdır. Hesab edirəm ki, bunun təbliğat baxımından mühüm əhəmiyyəti var. Belə ki, “Marağa-150” abidəsinin bərpası ilə ermənilərin Azərbaycana köçürülməsini sübuta yetirən bir faktın yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Çünki bu, tarixi faktdır, video və fotomateriallarda hamısı qalıb. Ermənilər ənənəvi olaraq tarixin izlərini silməyə çalışsalar da, bunu tarixdən silmək mümkün deyil. Hesab edirəm ki, sözügedən faktor da mühüm bir amildir. Şübhəsiz ki, dünyanın müxtəlif ölkələrindən olan diplomatlar, media nümayəndələri ermənilərin bu ərazilərə başqa ərazilərdən köçürülmə olduqlarını və Azərbaycan xalqının onlara vaxtında yer verdiyini, amma onların bizə xəyanət etdiyini görəcəklər. Ona görə də belə bir səfərin təşkil olunmasını müsbət qiymətləndirirəm”.
“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak ediblər. Onlarda çox yüksək təəssürat yarandı”. APA-nın xəbərinə görə, bu sözləri isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.
Vidadi ORDAHALLI