Elşən Həsənov: “Burada tam qalib və ya tam məğlub anlayışına yer yoxdur”
Suriya ərazisi İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib. Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Gerasimov bəyan edib: “İŞİD-in Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”.
Bu arada Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD-in məğlubiyyətinə şübhə ilə yanaşan Pentaqon nümayəndəsinin bəyanatına cavab verib. Bu barədə nazirliyin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib: “Pentaqon nümayəndəsinə xatırlatmaq istərdik ki, İŞİD qruplaşmasının yaranması, İraq ərazisinə ekspansiyası və Suriya ərazisinə keçməsi faktiki olaraq Pentaqonun fəaliyyətsizliyi nəticəsində baş tutub. Suriyada vəziyyəti sabitləşdirmək və İŞİD qruplaşmasını tam zərərsizləşdirmək Rusiyanın 2015-ci il sentyabrın 30-dan etibarən həyata keçirdiyi hərbi əməliyyat sayəsində mümkün olub. Əgər söhbət İŞİD-in məğlub olunmadığından gedirsə, bu, ABŞ-ın İraqda birbaşa məsuliyyət daşıdığı zonaya aiddir. Pentaqon nümayəndəsinin açıqlaması ABŞ hərbçilərinin qanunsuz olaraq Suriyadan çıxmaması üçün bəhanədir”.
Qeyd edək ki, Pentaqon nümayəndəsi Erik Pehon Rusiya Müdafiə Nazirliyinin sözügedən bəyanatını şübhə altına alıb.
Suriyada İŞİD-in tam sıradan çıxarılıb-çıxarılmaması ilə bağlı Rusiya ilə ABŞ-ın mövqeyi arasındakı fərqli yanaşmanın səbəbi nədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, ümumiyyətlə götürdükdə dünya lider dövlətlərinin sərgilədiyi bu cür yanaşma təbii qəbul edilməlidir: “Hər iki super gücün bu bölgədəki maraqları, əslində, regionda hələ də sonu görünməyən fəsadlara yol açıb ki, bunun nə ilə bitəcəyi proqnoza gəlməyən məsələlərdən biridir. Burada məğlubiyyətdən və ya qalibiyyətdən söhbət getmir. Məsələ maraqların hansı dərəcədə təmin olunmasındadır.
Çox da uzaq keçmişdə olmayan Əfqanıstan hadisələrini xatırlamaq yerinə düşərdi. Bu bölgə də iki dövlətin - ABŞ və hələ o zaman mövcud olan SSRİ-nin maraqlarının toqquşduğu nöqtələrdən biri idi. Sonunun nə ilə bitdiyi hər birimizə yaxşı məlumdur. Bundan savayı, Əfqanıstandan məğlub çıxan SSRİ-dən sonra elə ABŞ da özünün yetişdirdiyi Üsama bin Ladenlə mübarizə aparmağa məcbur oldu ki, bunun da ABŞ dövlətinə nələrə başa gəldiyini bilirik.
İndiki halda da eyni ssenarinin təkrarlanmasını müşahidə edirik. Söhbət, faktiki olaraq, ABŞ və digər maraqlı dövlətlərin öz maraqları naminə yaratdıqları İŞİD adlı qruplaşmadan gedir, bunun da yaradılmasında məqsəd nəinki məlum region və onun təbii sərvətləri uğrunda mübarizəyə, hətta deyərdim ki, daha uzağa gedən planlara hesablanıb.
Burada tam qalib və ya tam məğlub anlayışına yer yoxdur. Söhbət maraqların qismən də olsa kimin xeyrinə təmin olunmasından gedir”.
Məhəmmədəli QƏRİBLİ