Aqşin Əliyev: “Ortada konkretlik olarsa, onda Tillersonun istədiyi irəliləyiş də baş verəcək”
ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib ki, ABŞ ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir: “Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik”.
R.Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: “İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür”.
Tillersonun münasibətində diqqətçəkən məqam onun münaqişədə irəliləyişin olmasını istəməsidir. Bu yanaşmanı necə dəyərləndirə bilərik?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Tillersonun açıqlamasında ilk baxışdan qeyri-adi nəsə nəzərə çarpmır: “Biz həmsədrlərin standart, ütülü açıqlamalarına öyrəşmişik. Tillerson fərdi olaraq belə bir açıqlama veribsə, burada təqdiredici məqamlar var. Çünki ABŞ nümayəndəsi açıq mətnlə olmasa da, diplomatik tərzdə deməyə çalışır ki, ortaya siyasi iradə qoyulmalıdır, boş-boş bəyanatlarla qabağa getmək olmaz. Həmsədrlərin ümumi bəyanatında isə bildirilir ki, belə siyasi iradəni münaqişə tərəflərinin prezidentləri ortaya qoymalıdırlar. Biz dəfələrlə demişik ki, bu məsələdə tərəflərin münasibəti hər şeyi həll etmir. Ermənistan açıq mətnlə bildirir ki, konstruktivlik etməyə meylli deyil. Deməli nə olmalıdır? Həmin möhkəm siyasi iradəni həmsədrlər ortaya qoyub, onu işğalçılıqdan çəkindirməlidirlər. Yaxşı olardı ki, Tillersonun ifadə etdiyi narahatlığın ardınca əməli hərəkətlər də gəlsin. Yoxsa hərə bir ürəyəyatımlı söz deməklə bu münaqişə həll olunmayacaq. ABŞ-dan olan yeni həmsədrin davranışlarında fəallıq nəzərə çarpır. Bilirik ki, bu münaqişə ilə bağlı irəliləyişin əldə olunması diplomatın şəxsi bacarığına bağlı olan məsələ deyil. Çox istərdik ki, həmsədr ölkələr bir qədər fəallıq nümayiş etdirsinlər. Ortada konkretlik olarsa, onda Tillersonun istədiyi irəliləyiş də baş verəcək. Yoxsa biz status-kvonu belə də görəcəyik. Bu konkretlik də Ermənistanı haqq yoluna gəlməyə məcbur etməkdən keçir”.
Məhəmmədəli QƏRİBLİ