Yeganə Hacıyeva: “Azərbaycan AB ilə də bir qədər balanslı davranır”
Məlum olduğu kimi, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələri genişlənir. Avropa Birliyi Rusiyanın yaxın ətrafında olan Ukrayna, Ermənistan və Gürcüstanla “Şərq Tərəfdaşlığı” çərçivəsində müvafiq saziş imzalayıb. Postsovet ölkələrinin AB ilə yaxınlaşmasına Rusiyanın fərqli münasibəti nəzərə çarpır.
Belə ki, həmin proseslərdən sonra Rusiyanın davranışında Azərbaycana yönəlik hər hansı bir qəzəb elementi özünü göstərmir. Ancaq digər üç ölkə ilə bağlı fərqli mənzərənin şahidi oluruq. Hiss edilir ki, həmin ölkələrin Avropaya doğru istiqamət götürməsi Rusiyanı bərk əndişələndirib. Bunun səbəbi nə ilə bağlı ola bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, postsovet ölkələri olan Azərbaycan, Ukrayna, Ermənistan, Gürcüstan, Moldova və Belarus Avropa Birliyilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində əməkdaşlıq edirlər: “Rusiyanın özünün də Avropa Birliyi ilə strateji əməkdaşlığı var. Azərbyacanın Avropa Birliyilə münasibətlərini digər postsovet ölkələrindən fərqləndirən cəhətlər var. Belə ki, Azərbaycan onlardan fərli olaraq assosiativ üzvlükdə maraqlı deyil. Yəni bunu birmənalı olaraq istəmir. Biz yanlız strateji tərəfdaşlıqla kifayətlənirik. Biz bu prosesi iki hissəyə bölə bilərik. 2013-cü ildə bu istiqamətdə atılan addımlar Ukraynanın başında çatladı. Ukrayna AB ilə assosiasiya saşişi imzaladı və bunu Rusiyanın maraqlarını nəzərə almadan etdi. Nəticəsi göz qabağındadır. Həmin ölkə Krımı itirdi və digər bölgələrində separatizm baş qaldırdı. Gürcüstanın da Qərbə doğru açıq kurs götürməsilə bağlı Rusiya onunla hətta müharibə etdi. Bu prosesə Ermənistan hələ 2013-cü ildə qoşulmaq istəyirdi, ancaq Rusiyanın sərt təpkisilə üzləşdi. Ondan sonra Ermənistan Rusiyanın yaratdığı və orbitində olan bir sıra qurumlarda təmsil olundu və bununla da Moskvaya müttəfiqlik “sədaqətini” nümayiş etdirdi. Bu il isə Rusiyaya arxa çevirərək Avropaya doğru istiqamət götürdü. Təbii ki, onun bu addımı Rusiyanın ürəyincə deyil. Çünki Ermənistan, faktiki olaraq, Rusiyanın vassalı rolunu oynayır. Əlaltının belə sərbəstlıyi Moskvanı qane edə bilməz. Azərbaycan isə hər zaman balanslı siyasət yürüdüb. Buna görə də bizim manevrlərimizi Rusiya xəyanət kontekstindən qiymətləndirmir. Həm də Azərbaycan AB ilə də bir qədər balanslı davranır. Yuxarıda qeyd etdiyim detallarda bu özünü aydın büruzə verir”.
Məhəmmədəli QƏRİBLİ