Mehman Muradlı: “Azərbaycan dövləti humanizm prinsiplərini daim dəstəkləyib”
Azərbaycanın bir sıra insan haqları müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə deyilir:
“Hörmətli cənab prezident!
Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.
Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi, insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.
Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər”.
Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva və Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov imzalayıblar.
Hüquq müdafiəçilərinin Prezidentə etdiyi bu müraciəti necə qarşılamaq olar?
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, insan haqları müdafiəçiləri bu müracəti Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi ilə əlaqələndirərək ediblər: “Çox normal təşəbbüsdür. Bilirsiniz ki, Azərbaycanda belə müraciətlər yalnız bu əlamətdar günlə bağlı edilmir. Mütəmadi olaraq biz hüquq müdafiəçilərinin analoji müraciətlərinin şahidi oluruq. Ona görə də edilən müraciətdə qeyri-adi, xüsusi fərqlənən nəsə görmürəm. Azərbaycan dövləti humanizm prinsiplərini daim dəstəkləyib. Bir çox bayramlar, əlamətdar günlər ərəfəsində biz əfv fərmanaları və amnistiyaların olduğunu görmüşük. Müstəqillik əldə olunandan sonra başlanan bu proses indiyə kimi də davam etdirilir. Xüsusilə də 31 Dekabrla bağlı çoxsaylı əfv sərəncamlarının verildiyinin şahidi olmuşuq. Əminəm ki, Prezident bu müraciətə də müsbət yanaşaraq, Azərbaycanın humanizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirəcək. Doğrudur ki, bir sıra beynəlxalq qurumların problemli saydığı məhbuslar var. Müraciətdə o kateqoriyadan olan insanların əfv olunması xüsusilə xahiş olunur. İmzalanan əfv siyahıları geniş olur. Güman edirəm ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində biz bir çox ailənin sevindiyini görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ