Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin tezləşməsi üçün Azərbaycan konsruktiv müstəvidə danışıqlar prosesinin sürətləndirilməsində maraqlı tərəf kimi çıxış edir. Amma eyni sözləri Ermənistan barədə demək mümkün olmadığından, konfliktin sülh yolu ilə həlli gecikir. Azərbaycan isə bu vəziyyətin davam etməsini mümkünsüz sayır və status-kvonun dəyişməsinin zəruriliyini ön plana sürür. Əks təqdirdə bu status-kvonun hərb yolu ilə dəyişdiriləcəyini də ən yüksək səviyyədə bəyan edir.
ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasında yenidən bu mövzuya toxnunan xarici işlər naziri Elmar Məmmədyarov bildirib: "Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Dekabrın 6-da mən, Ermənistan xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar apardıq. Substantiv, nəticəyönümlü danışıqların bu kimi canlanması ehtiyatlı nikbinlik üçün səbəbdir. 16 oktyabr 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Görüşün ardınca Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqəti yönəldib. Buna baxmayaraq, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir”.
Nazir onu da diqqətə çatdırıb ki, rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qanunsuz addımlarını davam etdirməklə hərbi işğalın möhkəmləndirilməsinə istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir: “1993-cü ildə işğal olunana qədər tamamilə etnik azərbaycanlıların yaşadığı işğal altındakı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulmasının daha bir göstəricisidir. Ermənistan, təxribatçı addımlarına paralel olaraq, işğal olunmuş ərazilərə müvafiq beynəlxalq qurumlardan ibarət ehtiyacların öyrənilməsi məqsədilə missiyaların göndərilməsinə dair bizim təkliflərimizi rədd edir". Nazir bildirib ki, təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar da daxil olmaqla, Ermənistanın işğal olunmuş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur: "ATƏT-in Minsk Qrupu və həmsədrlər tərəfindən bütün bunlarla bağlı hərtərəfli tədbirlər görülməlidir. Harada olmasından asılı olmayaraq, ATƏT üzv dövlətləri fiziki və hüquqi şəxslərin qeyri-qanuni iqtisadi və digər xarakterli fəaliyyətlərinin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə alətlərdə təsbit edilmiş öhdəliklərini yerinə yetirilməlidir. BMT TŞ-nin müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərar və sənədləri münaqişənin həlli və Minsk Konfransı həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT TŞ-nin 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsində israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin Minsk Konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır. Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək. Azərbaycan BMT Nizamnaməsinin 7-ci Fəsli əsasında təsbit olunmuş hüquqlarını özündə saxlayır".
Beləliklə, nazirin bu fikirlərini həm Ermənistana, həm də onun hamilərinə ünvanlanmış növbəti xəbərdarlıq da saymaq olar. Bu xəbərdarlıqdan aydın görünür ki, Azərbaycan tərəfi münaqişənin həlli istiqamətində hansı addımlar atacağını Ermənistanın qarşıdakı aylar ərzində nümayiş etdirəcəi davranışdan asılı olaraq müəyyən edəcək. Qarşı tərəf konstruktiv mövqeyə gələrək məsələnin dinc müstəvidə həllinə razılıq verəcəyi təqdirdə Azərbaycan sülh platformasında problemin çözümünü mümkün və zəruri sayır. Eyni zamanda açıq bəyan edir ki, məhz bu yol Qarabağ konfliktinin qan tökülmədən qarşısını ala bilən yeganə çözümdür. Bu mənada Elmar Məmmədyarovun yuxarıda qeyd olunan çıxışını Ermənistana ünvanlanan bir xəbərdarlıq kimi də dəyərləndirmək olar. Digər tərəfdən, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə onu da çatdırır ki, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli digər bu qəbildən olan kofnliktlərin çözümündə çox vacib presedentə çevrilə bilər. Elə yuxarıda barəsində bəhs edilən tədbirdə çıxışı zamanı da E.Məmmədyarov vurğulayıb ki, ATƏT məkanında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması ilə bərabər, oxşar vəziyyətlər Ukrayna, Gürcüstan və Moldovada da müşahidə olunur: "Hesab edirik ki, sözügedən münaqişələrin davamlı həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ATƏT üzv ölkələrinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət vasitəsilə təmin oluna bilər".
Beləliklə, Azərbaycan daha bir mötəbər tribunadan mövqeyini və bu mövqenin qəbul olunmasının dünya üçün nə dərəcədə vacib əhəmiyyət daşıdığını diqqət mərkəzinə gətirib. Eyni zamanda, Qarabağ konflikti ətrafında baş verənlərə görə bundan sonra da məsuliyyət daşıyan yeganə tərəfin məhz Ermənistan olacağını bir daha bəyan edib. Əslində, Azərbaycanın bu mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən də qəbul olunur. Eyni zamanda həmsədr ölkələr də etiraf edir ki, artıq Qarabağ məsələsinin həlli istiqamətində əməli addımlar atmağın vaxtı çatıb. Məsələn, ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyana toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson konfliktin çözümü üçün artıq irəliləyiş əldə olunmasının vacibliyini bildirib: "ABŞ ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik. ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır. İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da kofnliktin həlli üçün prosesin sürətlənməsini vacib sayır. O bildirir ki, Rusiya bu fonda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək. Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır. Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir. Beləliklə, qeyd deilən fikirlərdən bəlli olur ki, Qarabağ məsələsinin həlli əslində dünya miqyasında vacib sayılır və bu xüsusda Azərbaycanın dedikləri qəbul olunur. Bu mənada ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyana görüşü həm də Azərbaycanın Ermənistan üzərində daha bir diplomatik qələbəsi kimi dəyərləndirilə bilər. Hər halda, səslənən fikirlər, məsələyə yanaşmalar da bunu tam qətiyyətlə deməyə əsas verir. İndi əsas məsələ Ermənistanın bu mövqeləri nəzərə alıb Qarabağ konfliktinin həlli istiqamətində əməli addımlar atmasıdır.
Hələlik isə yaranmış durumda düşmən tərəf aydın hiss edir ki, onların Dağlıq Qarabağ münaqişəsində uğur əldə etmək şansı yoxdur. Zaman daha sürətlə Azərbaycanın lehinə işləyir. Bütün arqumentlər Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək şərti ilə həll edilməli olduğunu aydın surətdə meydana qoyur. Bu vəziyyətdə ermənilər həm də təklənmiş duruma düşdüklərini də görürlər. Ekspertlər qeyd edir ki, ermənilərin ən yaxın müttəfiqləri və tam asılı olduqları Rusiyanı Azərbaycana yaxın kimi göstərməyə çalışmaları da bunu nəticəsidir. O da erməni tərəfinə yaxşı bəllidir ki, yaxın tezliklə münaqişənin həlli üçün əmli addımlar atılmasa, güc variantının işə düşməsi qaçılmaz olacaq.
Münaqişənin hərbi yolla həllinin ermənilər üçün nəyə gətirib çıxaracığını da qarşı tərəf yaxşı bilir. Düşmən görür ki, Azərbaycan Qarabağ müharibəsi başlayacağı təqdirdə tam hərbi üstünlüyə malikdir. Bu üstünlük tək hərbi texnika ilə tamamlanmır. Aviasiya, artilleriya, raket sistemləri və digərləri ilə yanaşı, ordunun şəxsi heyətinin sayı, döyüş qabiliyyəti baxımından da Azərbaycan Ermənistandan çox üstündür.Torpaqlarının 20 faizi işğal altında olan ölkə olaraq Azərbaycan hərbi gücünü ötən illər ərzində əhəmiyyətli dərəcədə artırıb. Ermənilər özləri də etiraf edir ki, onların hərbi birləşmələri Azərbaycanın aldığı müasir silahlar qarşısında acizdir və Ermənistan hələ başlamamış müharibədə məğlubiyyətə addım-addım yaxınlaşır. Bu səbəbdən onlar üçün də ən yaxşı çıxış yolu məsələnin sülh yolu ilə çözümüdür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.