Məhərrəm Zülfüqarlı: “Lozanna müqaviləsində böyük dövlətlərin Türkiyəyə münasibəti öz əksini tapıb”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər edib. Səfər zamanı Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş nazir Aleksis Tsiprasla görüşlər keçirilib.
Prezident Prokopis Pavlopulosla keçən görüşdə R.T.Ərdoğan Lozanna sazişinə yenidən baxılmasının vacibliyini bildirib. Qeyd edib ki, 1923-cü ildə imzalanmış Lozanna sazişi 94 il bundan əvvəl yazıldığına görə bəzi incəliklərə yenidən baxılması zəruridir və bu saziş yalnız Türkiyə və Yunanıstanı deyil, digər 11 ölkəni də nəzərdə tutur. Prezident beynəlxalq təcrübəni əsas götürərək sazişlərin yenilənməsi məsələsinə toxunub: “Lozannada həll olunmamış məsələlər var. Məsələn, müqavilədə Yunanıstanda müsəlman azlığı barədə müddəa yer alıb, amma Avropa Məhkəməsi “türk azlığı” sözünə istinad edir. Qərbi Trakyadakı müsəlmanlar hələ də öz müftilərini seçə bilmirlər. Frakiyada müsəlmanlar Lozanna razılaşmasına uyğun olaraq öz dinini yaşaya bilirlərmi? O halda Lozanna razılaşmasının icra olunduğunu necə demək olar? Deməli, icra olunmur”.
Yunanıstan prezidenti isə Lozanna müqaviləsinin iki xalqın milli torpaqlarının sərhədlərini çəkən razılaşma olduğunu deyib. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlər baxımından heç bir boşluq buraxmayan bir müqavilədir.
Qeyd edək ki, Lozanna razılaşması 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanıb. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu razılaşma tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynayıb. Yunanıstandan başqa heç bir dövlətin Sevr müqaviləsinin şərtlərini tanımaması Lozanna konfransının çağırılmasına səbəb olub.
Maraqlıdır, Ərdoğanın məhz Yunanıstana səfəri zamanl Lozanna müqaviləsinin dəyişdirilməsi təklifi ilə çıxış etməsinə tarixçilər necə baxır?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “Əvvəla Ərdoğanın prezident statusunda Yunanıstana səfəri özü böyük hadisədir. Məsələ ondadır ki, tarixən Yunanıstan-Türkiyə münasibətləri qarşıdurma, düşmənçilik səviyyəsində olub. Böyük dövlətlər bundan həmişə istifadə ediblər. Sözügedən iki dövləti bir-birinə qarşı qoyublar. Bütövlükdə, Türkiyə ilə Yunanıstan arasında imzalanan Lozanna müqaviləsi hər iki dövlətin tarixində müəyyən iz qoyub. Eyni zamanda, Lozanna müqaviləsində böyük dövlətlərin Türkiyəyə münasibəti öz əksini tapıb. Belə ki, müqavilədə bir sıra ədalətsizliklər var. O dövrün tarixi şərtləri elə idi ki, müharibədə qalib olan Antanta dövlətləri öz şərtlərini diqtə etməyə çalışırdılar. Bu səbəbdən həmin müqavilədə bir sıra mübahisəli məqamlar var. İndi iki ölkə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, o zaman müqaviləyə yenidən baxılmalıdır. Eyni zamanda, hər iki ölkənin normal münasibətlər qurması və indiyəcən mövcud olan tarixi narazılıqların aradan qaldırılması istiqamətində addımların atılmasına ehtiyac var. Bu baxımdan Ərdoğanın belə bir təşəbbüslə çıxış etməsinə bir tarixçi olaraq müsbət yanaşıram. Çünki həmin müqavilədə bir sıra boşluqlar var. Ötən dövr ərzində dünyada mövcud olan bir sıra reallıqlar dəyişib. Türkiyə-Yunanıstan münasibətlərini yumşaltmaq üçün buna getmək lazımdır”.
Vidadi ORDAHALLI