Zahid Oruc: “Bu amillər bizim xeyrimizə işləyir, apardığımız milli davaya xeyir gətirir, ümumən Azərbaycanın beynəlxalq əlaqələrinə yaxşı təsir edir”
Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb. Hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.
Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair protokol imzalanıb.
Azərbaycan və Türkiyə, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın formulunu tapıb. Bu istiqamətdə iki ölkə arasında əlaqələr inkişaf edir. Bununla yanaşı, Türkiyə Azərbaycan müstəqillik qazanandan sonra ordunun formalaşmasına yardım göstərib. Bundan bir müddət əvvəl Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısında müzakirə olunan məsələlərdən biri iki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi olub. Prezident İlham Əliyev bununla bağlı hərbi əməkdaşlığın önəmini qeyd edərək bir neçə məsələyə toxunub: “Bu il Azərbaycanda üç dəfə – iki dəfə Bakıda, bir dəfə Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Bu da hərbi sahədə bizim əməkdaşlığımızı gücləndirən amildir. Eyni zamanda, hərbi texniki sahəsində birgə fəaliyyətimiz davam edir”.
Sözügedən fakt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə nə kimi müsbət təsir göstərə bilər?
Sözügedən məsələni dəyərləndirən millət vəkili Zahid Orucun fikrincə, müstəqillik dövründə iki dövlət arasındakı münasibətlər tam strateji səviyyəyə çatıb: “Azərbaycan vasitəsilə Türkiyənin regional mövqeyi möhkəmlənib. Bu da ona imkan yaratdı ki, 2009-cu ildən strateji əlaqələrlə bağlı yüksək səviyyəli şuralar formalaşdıra bildik. Ona qədər Türkiyə elitası bölgədə əsas aparıcı dövlətlər olan Rusiya və İranın mənafeləri baxımından ehtiyatlı davranışlar seçməkdə idi. Tarixi əlaqələr heç də siyasi elita səviyyəsində lazım olan dəstəyi ala bilmirdi. Məsələn, Birinici Qarabağ savaşı dövründəki Türkiyəni indki Türkiyə ilə müqayisə etmək mümkün deyil. Baxmayaraq ki, o dövrdə də mənən dəstək verirdi. Qeyd edim ki, indiki birgə hərbi təlimlər, əlaqələr təhlükəsizlik məramına xidmət edir. Birgə keçirilən təlimlər bölgədə müəyyən balans yaradır. Bu həm də region dövlətləri tərəfindən qəbul olunmuş kimi görünür. Artıq Türkiyə ilə birgə təlimlərə qarşı Moskvadan və Tehrandan sərt bəyanatlar görmürük. Türkiyə prezidentinin Rusiya prezidenti ilə Qarabağ danışıqlarını intensivləşdirməsi onu sübut edir ki, Qarabağ məsələsi Türkiyə siyasətinin ayrılmaz hissəsinə çevrilib. Odur ki, birgə hərbi birləşmələrdən söhbət gedə bilər. Onsuz da hərbi sənaye komplekslərini formalaşdırmaq, türk əsgərinin Bakıda olması və s. strateji işlərdir. Odur ki, hərbi ittifaq gələcək dövrdə reallaşacaq siyasətdir. Lakin artıq bunun zəmini formalaşıb. Nəzərə alaq ki, bu gün Türkiyənin özü də böyük risqlərlə üz-üzə qalıb. O qədər də rahat dövrünü yaşamır. Ancaq bu müddət ərzində Azərbaycan Türkiyənin gücünü artırıb ki, azaltmayıb. Bir sıra dövlətlərlə problemlər meydana çıxanda Azərbaycan tənzimləyici kimi çıxış edib. Bu amillər də bizim xeyrimizə işləyir, apardığımız milli davaya xeyir gətirir, ümumən Azərbaycanın beynəlxalq əlaqələrinə yaxşı təsir edir. Ona görə də Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır”.
Vidadi ORDAHALLI