Məhəmməd Əsədullazadə: “Ermənistan rəhbərliyi daim qeyd edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər”
Xəbər verildiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində Toivo Klaarı məlumatlandıran E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Bununla yanaşı, nazir münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib və Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb.
Görünən odur ki, Azərbaycan 2 icma arasında aparılan danışıqları rəsmən dəstəkləyir. Sözügedən məsələdə Azərbaycanın rəsmi mövqeyi ilə Ermənistanın rəsmi mövqeyi arasında hansı fərq var? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan bu məsələdə dəstək verməkdən yayınır. Qarşı tərəf bəyan edir ki, iki icma bir yerdə yaşaya bilməz: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq davam edən danışıqlar prosesində hər hansı bir müsbət irəliləyiş nəzərə çarpmır. Ermənistan rəhbərliyi daim qeyd edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər. Belə bir bəhanə ilə daim icmaların dialoqundan yayınıblar. Halbuki, ortada işğal faktoru olduğu üçün, xalq diplomatiyasından çəkinirlər. Rəsmi Bakı daim Qarabağda erməni və azərbaycanlı icmasının dialoqunun tərəfindədir. Eyni zamanda, zaman-zaman sözügedən məsələni danışıqlarda qabardır. Hazırda da xarici işlər naziri Elmar Məmmədyarov bunu bir daha dilə gətirməklə Azərbaycanın sülhə bütün qapılarının açıq olduğunu göstərdi. Hazırda Azərbaycan buna hazırdır, amma Ermənistanın buna gedəcəyi real görünmür. Ermənistanın kompromissiz mövqeyi və danışıqlarda imitasiyası regionda yenidən eskalasiyaya səbəb olur. Qeyd edim ki, Ermənistanla hər hansı bir danışıqlar müsbət nəticə verməyəcək. Xalq diplomatiyası və rəsmilər arasında danışıqlarda rəsmi İrəvan Rusiyanın diqtəsi ilə güzəştə getməyəcək. O baxımdan sözügedən məsələdə nikbin deyiləm. Yaxşı təşəbbüs olsa da, Ermənistan buna əməl etmir”.
Vidadi ORDAHALLI