Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barədə “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı Azərbaycan, rus, ingilis və fransız dillərində kitabın təqdimatı keçirilib. “Trend”in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən kitabın müəllifi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərov deyib: "Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam. Leyla Yunusu müdafiə etdiyim 1 il 6 ay ərzində həftədə 3 dəfə Kürdəxanıya həbsxanaya getmişəm. Bütün gün ona həsr olunurdu. Bütün canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşitdim ki, guya mənim hökumətə işlədiyim yönündə təbliğat aparıb. Buna görə mən də ona qarşı mübarizəyə başladım. Bu mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi”.
E.Qəmbərov vurğulayıb ki, kitabda L.Yunusun Azərbaycanda yaşadığı dövrdə "Sülh və Demokratiya İnstitutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb: "Hər şey tamah, mənfəət naminə" prinsipi ilə işləyən Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun, hakimiyyət onu həbsdən azad etməyəcəyi təqdirdə, ATƏT-in Minsk Qrupunun Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil. Kitabda hələ 1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən "Çaykənd əməliyyatı" zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olması Qərb qeyri-hökumət təşkilatlarını maraqlandırmaya bilməzdi”.
Müəllif vurğulayıb ki, L.Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına məhz həmin QHT-lərin, o cümlədən Demokratiyaya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsini qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi heç kəsə sirr deyil: “Bu insanın amalı ancaq pul olub. Qərb fondlarına 5-10 min qrant üçün müraciət edəndə çoxlu sayda problemlər ortaya çıxır, ən yaxşı halda 10 layihədən birini dəstəkləyirlər. Ancaq Leyla Yunusun bütün təşəbbüsləri dəstəklənib. Niyə? Axı o pullar Qərb dövlətlərinin vətəndaşlarının vergilərindən toplanmış pullardır. Leyla Yunus deyirdi ki, aldığı qrantlardan rüşvət verib. Həmin Qərb dövlətlərinin maliyyə monitorinq xidmətləri hara baxır? O dövlətlərin maliyyə monitorinq xidmətləri bu məsələləri araşdırsa, mən bu işimin daha uğurlu olduğuna əmin olacağam. Bu kitabın Qərb ölkələrində də dərcini vacib sayıram. Bu kitabda mən onun şəxsi həyatına toxunmamışam. Vəkillik fəaliyyəti həmin şəxsin müdafiəsi başa çatan zaman başa çatır. Dünyada bir çox vəkillər memuarlar yazıblar. Digər tərəfdən, vəkillik etikasını hər bir şəxs qarşısında saxlamaq olar, ancaq Leyla Yunus qarşısında yox".
Təqdimatda çıxış edənlər digər iştirakçılar L.Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar. Qeyd olunub ki, L.Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, Azərbaycana qarşı istifadə olunub. Bildirilib ki, L.Yunus öz çirkin əməlləri ilə ölkəmizə zərbə vurmağa çalışıb. L.Yunus hər zaman öz maraqlarını hər şeydən üstün tutub, hüquq müdafiəçisi adı altında varlanmağa çalışıb. Onun üçün vətən, hüquq anlayışları sadəcə pul qazanmaq üçün bir vasitə olub.
Tənzilə Rüstəmxanlı tədbirdə deyib ki, xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. O bildirib ki, Leyla Yunus tək deyil, bu gün Azərbaycanda onun kimilərin sayı çoxdur: "Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir”.
Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər. Bunu isə millət vəkili Elşən Musayev “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.
E.Musayev bildirib ki, L.Yunus hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olub.
O qeyd edib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: “Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınlığı qabarıqlığı ilə əks olunub”.
Leyla Yunus həmişə deyirdi ki…
“Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb” – deyən Milli Məclisin deputatı Sahib Alıyev də bildirib ki, kitabda L.Yunusun bütün iç üzü açılıb: “Leyla Yunus Azərbaycanı, Azərbaycan dövlətini satan bir adamdır. Bu xanım tanıdığı bütün hüquq müdafiəçilərini satıb, zərbə altnda qoyub. Leyla Yunusu maliyyələşdirən, ona bir çox ölkələrdə imarətlər, villalar alan, külli miqdarda bank hesabı yaratmağa imkan yaradan çevrələr məhz Leyla Yunus kimi ictimai viruslardan lider ictimai rəyi yaradırlar. Leyla Yunus kimi ictimai bir virusu da Azərbaycan cəmiyyətinə ictimai rəy lideri kimi sırımağa çalışırdılar”.
Deputat vurğulayıb ki, L.Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb: “Leyla Yunus Avropa Oyunları ərəfəsində deyirdi ki, Avropadakı qurumlara demək lazımdır bu məsələni qabartsınlar ki, Ermənistan sülh tərəfdarıdır, Azərbaycan sülh tərəfdarı deyil. Yəni bu sadəcə bir epizoddur. Bunu edən adamın nələrə gedə bilməsi aydın məsələdir”.
O heç bir hüquq müdafiəçisi ilə normal münasibətlərdə deyildi…
Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb. Bunu isə Milli Məclisin deputatı Çingiz Qənizadə “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.
Ç.Qənizadə bildirib ki, L.Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb, o, həmişə öz maraqlarını hər şeydən üstün tutub: “Biz həmişə düşünürdük ki, hər hansı bir məhbusa görə xaricdə kimlərləsə oturub danışmaqla məsələni həll etməyə çalışmaq düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın”.
Ç.Qənizadə qeyd edib ki, L.Yunus özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb: “Belə hüquq müdafiəçisi olmur. Mənə bir adam göstərin ki, Leyla Yunus onu müdafiə edib, azadlığa buraxılmasında rol oynayıb. Onun məqsədi həmişə şəxsi maraqlarına xidmət etmək olub. Bu adam "Saxarov" mükafatı almağı düşünür. Leyla Yunus bir adama da kömək etmədiyi halda, belə bir mükafat almağa çalışır. Bu gün təqdim olunan kitabdan da gördüm ki, bu adam haqqında yanılmamışam. Bu adam özünün maraqları üçün ətrafındakıları həmişə zərbə altında qoyub. Leyla Yunus müxtəlif adlar altında xaricdən qrantlar alıb və o pulları ölkədən çıxarıb”.