Mehman Muradlı: “Mövcud resurslar bunu etməyə tam imkan verir”
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Bu məsələ Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, Məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Təklif olunan bu dəyişiklik hansı zərurətdən irəli gəlib?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu dəyişikliyin edilməsində qeyri-adi heç nə yoxdur: “Belə dəyişikliklər mütəmadi şəkildə baş verir. Müxtəlif qanunvericilik aktlarına olunan dəyişiklik zərurətdən meydana çıxır. Elə məsələlər var ki, digər qanunvericilik aktları ilə uyğunlaşdırılır.
Bir il öncə Konstitusiyada olunan dəyişikliklərlə bağlı keçirilən referendumda qəbul olunmuş yeni tələblərə görə, gələn il keçiriləcək prezident seçkiləri qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. Növbədənkanar prezident seçkiləri hansısa zəruri hal yaranarsa keçirilir. Belə vəziyyət isə nadir hallarda yaranır. Çox təəssüflər olsun ki, bəzi dairələr bu yeniliklə bağlı təklifdən müəyyən siyasi mənalar çıxarmağa çalışırlar. Hətta bunun hansısa məqsədlər üçün ortaya atıldığına dair əsaslandırılmamış fikirlər irəli sürürlər. Mən isə hesab edirəm ki, bu sırf texniki məsələ ilə bağlıdır və doğru verilən təklifdir. Təsəvvür edin ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair zərurət yaranır. 3 ay müddətinə bu istiqamətdə işlərin aparılmasına nə ehtiyac var? Bu həm əlavə xərc, həm də vaxt itkisidir. Həmin müddət ərzində seçki ilə bağlı olan bütün strukturlar səfərbər olunur, onlara əməkhaqları ödənilir. Bilirsiniz ki, müstəqillikdən sonra Azərbaycan seçkilərin keçirilməsi sahəsində böyük təcrübə əldə edib. MSK-nın bütün sistemi lazımi şəkildə qurulub. Dövlətdən seçkilərin keçirilməsinə lazımi qədər vəsait ayrılırsa, bunun 3 yox, 2 ay ərzində keçirilməsi daha məqsədəuyğundur. Mövcud resurslar bunu etməyə tam imkan verir”.
Məhəmmədəli QƏRİBLİ