Seyid Camal Əzimbəyli: “Ölkə başçısının bu sərəncamı ölkəmizin bəşəri dəyərlərə, elmə, təhsilə verdiyi böyük önəmin göstəricisi sayıla bilər”
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının rəsmi saytına istinadən verilən xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının və müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, mühüm beynəlxalq layihə, tədbir və təşəbbüslərin həyata keçirildiyi məkana çevrilmişdir.
Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.
Azərbaycanda ali təhsil, treninq və araşdırmalar sahəsində əldə olunmuş nailiyyətlər İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi tərəfindən də yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə təhsil üçün qrant təsis edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və dünyanın bir çox ölkələrində insan resurslarının inkişafına mühüm töhfə verə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam ölkələri ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədilə imzaladığı sərəncamda deyilir ki, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin”.
Ölkə başçısının imzaladığı bu sərəncam Azərbaycanın islam ölkələrilə əməkdaşlığa verdiyi önəmin göstəricisi sayıla bilərmi?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə bildirdi ki, ölkə başçısının imzaladığı bu sərəncam təqdir olunmalıdır: “Bununla bir daha sübut olundu ki, Azərbaycan İslam dünyası ilə əməkdaşlıqda maraqlıdır. Bizim dünyəvi ölkə olaraq bunu etməyimiz dünyanın diqqətini daha da cəlb edir. Bütün dünya görür ki, Azərbaycan yalnız sözdə deyil, eyni zamanda əməldə də tolerantlığın, multikulturalizmin təəssübkeşi qismində çıxış edir. Bu sərəncamın başqa xeyirli tərəfləri də var. Bir çox ölkələr yaradılan şəraitdən istifadə edəcək. Ölkəmizə islam ölkələrindən çoxlu sayda tələbə gələcək. Bu, eyni zamanda, Azərbaycanla onların arasında əlaqələrin qurulması, ölkəmizin həqiqətlərinin xaricə çatdırılması baxımından da önəmli olacaq. Ölkə başçısının bu sərəncamı ölkəmizin bəşəri dəyərlərə, elmə, təhsilə verdiyi böyük önəmin göstəricisi sayıla bilər. Təqdir edirəm, əminəm ki, çox müsbət nəticələri olacaq”.
Məhəmmədəli QƏRİBLİ