Məhəmməd Əsədullazadə: “Hazırda üzərində işlənən sənəd Xəzəryanı ölkələrin birgə Konvensiyası adlanır”
Məlum olduğu kimi, uzun danışıqlardan sonra Xəzərin statusu ilə bağlı sahilyanı dövlətlər arasında prinsipial razılaşma əldə olunub. Görünən odur ki, həlli çətin və əsas mübahisəli məqamlar ətrafında 5 ölkə ortaq məxrəcə gəlib. Halbuki, bir neçə il bundan əvvəl razılaşmanın əldə olunacağı o qədər də real görünmürdü. Moskvada keçirilən son görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Konvensiyanın mətni faktiki olaraq hazırdır. Sənədin 2018-ci ildə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində imzalanması gözlənir.
Bütün hallarda, dənizin statusu ilə bağlı razılığın əldə olunması Xəzərdə mühüm layihələrin həyata keçirilməsinə təkan verəcək. Çünki Xəzərin statusuna dair Konvensiyanın razılaşdırılması bütün Xəzəryanı dövlətlərin siyasi-iqtisadi maraqlarına cavab verir. Bu baxımdan, sənədin imzalanması bölgədə yeni imkanlar yarada bilər.
Onu da qeyd edək ki, Azərbaycanın bununla bağlı diplomatik səyləri öz səmərəsini hələ bir neçə il əvvəl özünü göstərmişdi. Məsələ ondadır ki, 1991-ci ilədək Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətləri sayının 2-dən 5-ə qədər artması Xəzərin hüquqi statusu məsələsini gündəmə gətirib. Dənizin statusu ilə bağlı danışıqlar 1992-ci ildən aparılır. Həmin dövrdən sonra Azərbaycan dənizin statusu ilə bağlı birinci Rusiya ilə ikitərəfli saziş imzaladı. Sonra Qazaxıstanla analoji razılaşma əldə olundu. 2003-cü ildə Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sekorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. Lakin Türkmənistan və İranın fərqli mövqeləri ümumi Konvensiyanın imzalanmasını ləngidirdi.
Maraqlıdır, gələn il Konvensiya imzalanana qədər Azərbaycan Türkmənistan və İranla da bənzər ikitərəfli sazişlər imzalaya bilərmi?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir müqavilənin imzalanması real görünmür: “Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada görüşü dənizin hüquqi statusu ilə bağlı atılan addımlar fonunda mühüm əhəmiyyət kəsir. Burada 20 illik aparılan danışıqlarda müəyyən konsensusa gəldikləri qənaəti formalaşıb. Hazırda yekun statusun qəbul edilməsi üçün prezidentlərin gələn il Qazaxıstanda növbəti görüşü gözlənir. Uzun illərdir Xəzərlə bağlı Konvensiyanın qəbul edilməməsində İran və Türkmənistanın mövqeyi ziddiyyət doğururdu. Çünki iki ölkə Azərbaycana qarşı Xəzərin ərazi sularında daha çox pay tələb edirlər. Qeyd edim ki, Azərbaycan Rusiya və Qazaxıstanla ikitərəfli müqavilə imzalayaraq ərazi sularının bölünməsində ortaq saziş imzalayıblar. İran və Türkmənistanın qeyri-konstruktiv mövqeyi isə uzun illərdir razılaşmaya imkan vermir. Son illər Azərbaycanın İran və Türkmənistanla sıxlaşan siyasi əlaqələri iki ölkə ilə Xəzərin statusu ilə bağlı müəyyən razılaşmanı ortaya gətirdi. Hazırda üzərində işlənən sənəd Xəzəryanı ölkələrin birgə Konvensiyası adlanır. Gələn ilə kimi Azərbaycanın İran və Türkmənistanla ikitərəfli müqavilə imzalaması isə real görünmür. Çünki ortada olan sənəd üzərində xarici işlər nazirləri işləyir və yekun statusun qəbul edilmısinə çalışılır. Türkmənistan ikitərəfli müqavilə imzalaya bilər, amma İranın ikitərəfli müqaviləyə getməsi gözlənilmir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir. Bundan sonrakı dövrdə İran və Türkmənistanın Azərbaycana Xəzərdə ərazi iddialarından əl çəkəcəkləri gözlənir. O baxımdan hesab edirəm ki, qarşıdakı görüşdə sözügedən məsələlər öz həllini tapacaq. Nəticədə əldə olunan razılıq bəzi sahilyanı dövlətlər arasında illərdir hökm sürən fikir ayrılıqlarına son qoyar”.
Vidadi ORDAHALLI