Dünən Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. APA-nın məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Toplantıda Avstriya sədrliyinin bir il ərzində gördüyü işlər və ATƏT-ə gələn il sədrlik edəcək İtaliyanın prioritetləri açıqlanacaq.
Yığıncaq iki gün davam edəcək.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin məqbul həllini axtarmağa davam edəcək”
"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək".
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib. O bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən vurğulanıb.
"Dağlıq Qarabağda döyüşlərin intensiv şəkil alması ciddi narahatlıq yaradır"
"Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm".
Bu sözləri ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.
ABŞ dövlət katibindən Qarabağ bəyanatı…
"ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik".
Bu sözləri isə ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.
R.Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: "İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".
"Azərbaycan, Gürcüstan və Moldova ərazisindəki münaqişələrin həlli üçün səylərimizi artırmalıyıq"
ATƏT ərazisində həlli uzanan münaqişələr təhlükəsizliyə təhdid olmağa davam edir.
Ukrayna xarici işlər naziri Pavlo Klimkin ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı belə deyib. “Biz Azərbaycan, Gürcüstan və Moldova ərazisindəki münaqişələrin həlli üçün səylərimizi artırmalıyıq. Bu, onların suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində həyata keçirilməlidir”- Klimkin bildirib.
Xəbər xidməti