Qabil Hüseynli: “Hesab edirəm ki, məhz bu cür yanaşma erməni siyasətini dəvəquşuya bənzətməyə əsas verir”
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatı ilə əlaqədar bildirib ki, erməni nazir hədəfdən yayınmağa çalışır:
“Göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub”.
H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir:
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə, həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər. BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini görməzliyə vurmaq Minsk Qrupu həmsədrlərinin mandatını inkar etmək deməkdir.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən ABŞ, Fransa və Rusiya) BMT TŞ-nin müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;....silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Göründüyü kimi, XİN rəsmisi Ermənistanın yürütdüyü siyəsti “Dəvəquşu siyasəti” kimi xarakterizə edib. Niyə məhz dəvəquşu?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Hikmət Hacıyevin seçdiyi bu ifadə çox uğurludur: “Hesab edirəm ki, bu, Ermənistan rəsmilərinə və Lavrova çatsa, onlar bu epitetin Ermənistana niyə şamil olunduğunun fərqinə varmış olacaqlar. Bu o deməkdir ki, ermənilər başlarını soxublar harasa, elə bilirlər onları görən yoxdur. Dəvəquşu hündürboy olduğu üçün, başını nə qədər gizlətsə də, bədəni hər yerdən görünür. İndi də Ermənistan özünü o günə salıb. İstəyir ki, Lavrovun fikirlərini təhrif etməklə BMT qətnamələrinə şübhəli don geydirsinlər. Onların yenicə ortaya atdıqları irada görə guya BMT qətnamələrində nələrinsə dəqiqləşdirilməsinə ehtiyac var. Yalandır. Çünki BMT qətnamələrində hər şey dəqiq ifadə olunub və bununla da Ermənistanın beli qırılıb. İradlarının nədən ibarət olduğunu bilirəm. Hesab edirlər ki, guya həmin sənəddə Ermənistan dövlətinin yox, erməni bandit dəstələrinin adı çəkilir və qeyd olunur ki, məhz onlar işğal edilmiş əraziləri boşaltmalıdırlar. İşğal başlayanda nizami ordu olmayıb. Rusların köməkliyi ilə qanunsuz erməni hərbi birləşmələri torpaqları işğal ediblər. Ona görə də qətnamələrdə həmin termindən istifadə olunub. Hesab edirəm ki, məhz bu cür yanaşma erməni siyasətini dəvəquşuya bənzətməyə əsas verir”.
Məhəmmədəli QƏRİBLİ