Yohannes Han: "Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzrə danışıqlar gələn il yekunlaşacaq"
“Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi, şübhəsiz ki, aviasiya sahəsində əlaqələri gücləndirəcək”. APA-nın məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində təşkil olunmuş press tur iştirakçıları ilə görüşdə deyib.
O bildirib ki, bu təşəbbüs ilk növbədə danışıqların aparılmalı olduğu potensial sazişə daşınmalıdır: "Lakin bu, Azərbaycanın Avropa aviasiya məkanına inteqrasiyasında vacib addımdır".
“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”. Bunu da Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı deyib. “Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü, habelə xarici işlər nazirlərinin görüşü müsbət addımdır. Bu istiqamətdə bütün səyləri dəstəkləyirik”, - deyə o vurğulayıb.
“Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır. Bu layihənin Yeni İpək Yolu konsepsiyasının bir hissəsi olması barədə fikirlər səsləndirilir. Bu isə tamamilə bizim marağımıza uyğundur. Avropa İttifaqı 20-yə yaxın ölkənin ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqı beynəlxalq ticarət əlaqələri üçün açıqdır. Biz istənilən infrastruktur layihələrində maraqlıyıq” – deyə Y.Han bildirib.
Y.Han ”Şərq tərəfdaşlığı” proqramında iki münaqişəli ölkənin iştirakı və belə olan halda ölkələrarası rabitəni necə inkişaf etdirməyin mümkünlüyü barədə suala belə cavab verib: “Qərbi Balkanlarda 4 il əvvəl başlayan və uğurla davam edən bir infrastruktur layihəsi var ki, bunun da məqsədi oradakı ölkələrin barışmasına və onlar arasında əlaqələrin inkişafına təkan verməkdir. Müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün istənilən təşəbbüs əlaqələrin inkişafına təkan verə və mövcud münaqişələrin öhdəsindən gəlməyə töhfə verə bilər”.
"Şərq tərəfdaşlığı" zirvə toplantısının yekun bəyannaməsinin razılaşdırılması ilə bağlı müzakirələrin uzanmasına toxunan Y.Hanın sözlərinə görə, sammitlərin xüsusiyyəti belədir ki, final bəyanatı ən son ana kimi müzakirə olunur: "Lakin deyə bilərəm ki, biz nəinki razılaşma əldə edəcəyik, həm də sabah günorta final bəyanatı imzalayacağıq. Bu, əlbəttə, hamını 100 faiz məmnun etmir, amma belə bəyannamələrin təbiəti belədir ki, 34 ölkələrin marağını ifadə edir. Bunlar Avropa İttifaqına üzv olan 28 dövlət və 6 "Şərq tərəfdaşlığı" ölkəsidir".
"Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzrə danışıqları gələn il yekunlaşdıracağıq" deyən Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı hazırda yeni saziş üzrə danışıqların davam etdiyini bildirib.
Komissarın sözlərinə görə, Aİ Azərbaycanla bir çox sahədə, o cümlədən kənd təsərrüfatı, təhsil sahələrində əlaqələri genişləndirmək niyyətindədir.
Baki-xeber.com