Frank-Valter Ştaynmayer: "ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün alətlərdən istifadə edəcək"
Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Nazir qeyd edib: "Azərbaycan və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycanda Almaniyanın çox sayda şirkəti fəaliyyət göstərir. Əminik ki, Azərbaycanın təklif etdiyi enerji və iqtisadi layihələr Almaniyaya maraqlı olacaq".
F.V. Ştaynmayerin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda yeni güclü oyunçudur: "Keçmişdə qaldırılan bəzi məsələlərdə də irəliləyə bilmişik. Şadam ki, Azərbaycan bu sahədə irəliləyişlər əldə edə bilib".
E.Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb: "Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib".
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: "Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”. Bunu da Azərbaycan xarici işlər naziri deyib (APA).
"Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb.
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: "Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.
ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. "Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.
E.Məmmədyarov deyib ki, Azərbaycan ATƏT-in Cənubi Qafqazda sabitliyin təmin edilməsində səylərini və oynadığı müsbət rolu yüksək qiymətləndirir. E.Məmmədyarov bildirib: "Təəssüflə qeyd etməliyəm ki, ATƏT-in bir çox üzv ölkələrində münaqişələr mövcuddur və təşkilat bu sahədə fəaliyyətini gücləndirməlidir".
Onun sözlərinə görə, Almaniya ATƏT-ə sədrlik edən ölkə kimi, bu baxımdan çox işlər görür.
Azərbaycanda söz azadlığı barədə suala cavab verən E.Məmmədyarov deyib ki, Azərbaycanda KİV azaddır və jurnalistlər öz jurnalist fəaliyyətinə görə həbs edilməyiblər: "Bəzi jurnalistlər etik normaları pozur, amma bu hallar Azərbaycanda azad mətbuatın olmaması anlamına gəlmir".
Frank-Valter Ştaynmayer isə deyib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən istifadə edəcək. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və mediatorlar vəziyyətin eskalasiyasının qarşısını ala biləcək müəyyən nəticəyə gəlməlidirlər: "Bunun üçün bizə konkret təkliflər lazımdır".
Nazir bildirib ki, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır: "Məhz bu məsələ ötən gün Yerevana səfərim zamanı müzakirə olunub. İki prezidentin görüşlərinə şadam. Atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mərhələli danışıqlar lazımdır".
Bu arada, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün Sabunçu rayonu, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində Dağlıq Qarabağın azərbaycanlı icması və şuşalı məcburi köçkünlərlə də görüşüb.
Trend-in məlumatına görə, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsilə bağlı Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayev münaqişənin həlli üçün bu cür görüşlərin keçirilməsi vacib hesab etdiyini deyib. Millət vəkili bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağda ermənilərlə birlikdə yaşamağa razıdırlar.
Görüşdən sonra icma üzvü Fərhad Bədəlbəyli Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Dağlıq qarabağın azərbaycanlı icmasının təşəbbüsünü dəstəkləyib və bu barədə qarşı tərəflə danışıqlar aparacağını bildirib: "Biz təkliflə çıxış etdik, Frank-Valter Ştaynmayer də bu təklifi bəyəndi. Bizim məqsədimiz məlumdur. Amma, bilirik ki, ermənilər buna razılıq verməyəcək. Rövşən Rzayev Frank Valter Ştaynmayerə bildirdi ki, biz hansı ölkədə istəsəniz, o ölkədə görüşməyə razıyıq. Almaniyada, Brüsseldə, Strasburqda, hansı ölkə olursa-olsun, biz görüşə tam hazırıq. Görüşüb söhbət edək ki, biz gələcəkdə Dağlıq Qarabağda bir yerdə necə yaşayacağıq? Çünki Robert Koçaryan açıqlama vermişdi ki, azərbaycanlılarla ermənilər Dağlıq Qarabağda bir yerdə yaşaya bilməz. Bu bir faşist ideologiyasıdır. Ona görə də biz düşünmürük ki, ermənilər buna razılıq versinlər”.
F.Bədəlbəyli bildirib ki, görüşdə Frank-Valter Ştaynmayer qarşı tərəfin fikirlərini bilmədiyi üçün konkret bir söz deməyib: "Ştaynmayer dedi ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək. O bildirdi ki, münaqişənin tez bir zamanda həll olunması üçün əllərindən gələni edəcəklər. Amma, münaqişənin həlli, sülhə nail olmaq üçün tərəflər də çalışmalıdır”.