"Paris Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni danışıqlara ev sahibliyi etməyə hazırdır". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla Parisdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
O, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni görüşü keçirməyə hazır olduğunu söyləyib: "Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov məni Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan və Ermənistandan olan həmkarları ilə apardığı danışıqların yekunu barədə məlumatlandırdı. Mən bir daha xatırlatdım ki, Parisdə yeni müzakirələrə ev sahibliyi etməyə hazırıq".
Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında fransalı həmkarını Rusiya prezidentinin iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə Sankt-Peterburqda keçirdiyi görüş barədə məlumatlandırdığını deyib: "Görüşdə regional təhlükəsizliyi təmin etmək və Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli barədə müzakirələr aparılıb”.