Rusiya və Türkiyə prezidentlərinin təyyarə böhranından 7 ay sonra ilk dəfə telefon danışığı olub. Kreml prezidentlər arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.
Kremlin mətbuat xidməti məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib (APA).
Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.
Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla yanaşı Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.
Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Rusiya və Türkiyə prezidentləri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə müzakirələr aparmaq barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpasına yönəlib.
Iki ölkə prezidentinin telefon görüşündən sonra Putin Türkiyəyə qarşı sanksiyaların ləğvi haqqında tapşırıq verib. Məlumata görə, Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə baş nazir Dmitri Medvedyevə qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi barədə göstəriş verib.
"Türkiyə prezidentinin göndərdiyi məktubdan sonra türkiyəli tərəfdaşlarımızla münasibətlərin normallaşmasına başlamaq qərarı verdik. Telefon söhbətinin əvvəlində ölkə prezidentinə bütün Türkiyə xalqına İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdim", - deyə o bildirib.
Putin turizm sahəsində Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyini də əlavə edib: "Rusiya hökumətindən Türkiyə ilə ümumilikdə iqtisadi-ticarət əlaqələrinin normallaşması prosesinə başlamağı xahiş edirəm".
İki ölkə prezidentinin görüşünün sentyabr ayının 4-5-də Çində keçiriləcək G20 sammiti çərçivəsində baş tutacağı bildirilir.