Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib. Seçici fəallığı 72,1 faiz olub.
Böyük Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları - Brexit adlı qrup Böyük Britaniyanın Aİ-yə 1973-cü ildə qəbul olunmasından sonra siyasi partiyalar, müdafiə qrupları və müxtəlif şəxslər tərəfindən yaradılıb.
İlk dəfə 1975-ci ildə ölkənin o vaxt Avropa İqtisadi İcması adlandırılan Aİ-dən çıxması barədə referendum keçirilib, lakin səsvermə ölkənin təşkilatda qalması ilə nəticələnib.
2015-ci ildə ölkədə Mühafizəkarlar Partiyası ümumi seçkilərdə qalib olub və referendum yenidən gündəmə gəlib. Ardınca "Avropa İttifaqı Referendum aktı 2015” parlamentə təqdim olunub, növbəti referendumun keçirilməsi il bağlı qərar qəbul edilib.
Aİ-nin tərkibindən çıxmaq hüququ Aİ Sazişinin 50-cı maddəsində göstərilir. Ölkədə hökumət və baş nazirin referendumun nəticələrini qəbul etməmək hüququ var.
2016-cı il iyunun 23-də keçirilmiş referendumda səsvermənin nəticəsi Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı başlanğıc mərhələdir. Bu prosedur 2007-ci ildə imzalanmış "Lissabon razılaşması” ilə tənzimlənir. Yaxın 2 ildə rəsmi London bütün üzv ölkələrlə təşkilatdan çıxmağın tənzimlənməsi ilə bağlı danışıqlar aparmalıdır. Ekspertlərin fikrincə, Aİ prosesin uzanması üçün əlindən gələni edəcək.
Hazırda Birləşmiş Krallığın parlamentinə üzvlüyə alternativ olan və Aİ-nin daxili bazarına çıxışa imkan verən sənədlər təqdim olunub. Sənədlərə Avropa Azad Ticarət Zonasının üzvü kimi Avropa İqtisadi Zonasında qalmaq və Aİ ərazisində sərbəst hərəkət etmək imkanlarının nəzərdən keçirilməsi daxildir.
Britaniya Aİ-nin Şengen zonasına daxil olmayan 6 Avropa ölkəsindən biridir.
Kemeron istefa verdi
Referendumdan sonra Britaniya baş naziri Devid Kemeron istefa verib. O, bunu canlı yayında xalqa müraciəti zamanı deyib. Bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.
Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.
Avropa İttifaqından çağırış
Avropa İttifaqı liderləri isə Böyük Britaniyada keçirilən referendumla bağlı birgə bəyanat yayıblar. Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən ölkə qismində Hollandiyanın baş naziri Mark Ryütte tərəfindən imzalanan birgə bəyanatda Böyük Britaniya hökumətinə referendumun nəticəsini tez bir zamanda reallaşdırmaq çağırışı əksini tapıb: "Azad və demokratik şəkildə Britaniya xalqı öz qərarını verdi. Biz buna təəssüf etsək də, hörmətlə yanaşırıq. Biz, 27 ölkə olaraq, fəaliyyətimizi davam etdirəcəyik. Nə qədər ağrılı proses olsa da, biz Birləşmiş Krallıq hökumətini mümkün qədər tez bu qərarı həyata keçirməyə çağırırıq. İstənilən təxirəsalınma qeyri-müəyyənliyi uzada bilər. Biz Britaniya hökuməti ilə onun Aİ-dən çıxmasının şərt və tələbləri barədə təcili danışıqlara başlamağa hazırıq. Bu proses bitənə kimi Birləşmiş Krallıq bütün öhdəlik və hüquqları ilə Aİ-nin tamhüquqlu üzvüdür. Biz Birləşmiş Krallığın gələcəkdə Aİ-nin ən yaxın tərəfdaşı olacağına ümid edirik”.
Aİ-nin sədri Donald Tusk isə bəyan edib ki, Aİ gələn həftə 27 ölkənin iştirakı ilə ilk dəfə Böyük Britaniyasız qeyri-formal sammitini keçirəcək. O bildirib ki, sammitin iyulun 28-29-da Aİ Şurasının iclası çərçivəsində keçirilməsi planlaşdırılır.
D.Tusk deyib ki, Aİ Böyük Britaniyadakı referendumdan başqa nəticələr gözləyirdi: "Bu, tarixi hadisədir, amma əsəbi reaksiyadan uzaq olmaq lazımdır".
Aİ-in sədri qeyd edib ki, Böyük Britaniya İttifaqı formal olaraq tərk edənə kimi Avropa İttifaqının qanun və qaydalarının bu ölkədə tətbiqi davam edəcək: "Bu həm hüquqlara, həm də öhdəliklərə şamil olunacaq".
Dünya liderləri və beynəlxalq təşkilatlardan reaksiya
Dünya liderləri və beynəlxalq təşkilatlar da Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı keçirilən referendumun nəticələrinə münasibət bildirib. Ağ Evdən deyilib ki, prezident Barak Obama referendumun nəticələrindən xəbərdardır və o, yaxın bir neçə gündə Böyük Britaniya baş naziri Devid Kameronla danışmaq imkanı əldə edəcəyini ümid edir.
Fransanın xarici işlər naziri Jan-Mark Eyro referendumun nəticələrindən pərişan olduğunu açıqlayıb: "Avropa İttifaqı fəaliyyət göstərməyə davam edəcək. Lakin o, insanların etibarını geri qaytarmalıdır”.
Yaponiya hökuməti bu axşam Britaniyadakı referendumun nəticələri ilə bağlı növbədənkənar iclas keçirmək niyyətindədir. Nazilər Kabineti britaniyalıların qərarının Yaponiya iqtisadiyyatına və şirkətlərinə mənfi təsirini minimuma endirmək üçün görülməli olan tədbirləri müzakirə edəcək.
Seçkilərin nəticələrinə ATƏT-in baş katibi özünün "Twitter” səhifəsində reaksiya verib. Onun sözlərinə görə, bu səsvermənin nəticəsi onu göstərdi ki, dünya liderləri sürətlə dəyişən dünyada insanların reaksiyasına lazımi qədər qiymət vermirlər.
Polşa xarici işlər naziri Vitold Vaşşikovski britaniyalıların qərarından təəssüf hissi keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qərar onu göstərdi ki, Aİ konsepsiyasının dəyişməsi çox vacibdir.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə Britaniyada referendumun nəticələrini Putinin növbəti qələbəsi kimi qiymətləndirib.
Avropa Parlamentinin (AP) sədri Martin Şults isə deyib ki, Böyük Britaniyada keçirilmiş referendumdan (Brexit) sonra Avropa İttifaqı (Aİ) ölkələri İttifaqın yaxşılaşmasına və avronun bazar təzyiqlərindən müdafiəsinə dair qərarlar qəbul etməlidirlər (Trend). O bldirib ki, AP iyunun 28-də keçiriləcək təcili sessiyasında Böyük Britaniyanın Aİ-ni tərk etməsini qiymətləndirən qətnaməni müzakirə edəcək.
Avropa Şurası və AŞ PA-ya da toxunacaq
AŞ PA-nın sədri Pedro Aqramuntun fikrincə isə Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə qərarı Avropa Şurası və AŞ PA-ya da toxunacaq. Onun sözlərinə görə, Britaniyanın iri oyunçu kimi qaldığı Avropa və AŞ PA-da parlamentlərarası dialoq üçün yeni impuls tapmaq lazımdır: "Avropa ideyalarını reallaşdırmaq və ümumi Avropa irsimizi təsdiq etmək üçün daha çox şey etmək lazımdır".
"Brexit" rublu çökdürəcək
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirir ki, Böyük Britaniyanın Avropa İttifaqından ("Brexit") çıxması dünya birjalarını dalğalandıracaq.
Nazir qeyd edib ki, birjalardakı volatillik neftin kəskin ucuzlaşmasına səbəb olacaq ki, bu da öz növbəsində rublu çökdürəcək. "Buna baxmayaraq, gözlənilən volatillik indiyədək gördüklərimizdən zəif olacaq", - deyə A. Siluanov əlavə edib.
Maraqlıdır ki, Rusiyanın Mərkəzi Bankının açıqlamasına əsasən, "Brexit" rubl üçün risk təşkil etmir.
Britaniyanın NATO-da rolu dəyişməyəcək
NATO-nun baş katibi Jens Stoltenberg isə deyir ki, Britaniyanın alyansdakı mövqeyi "dəyişilməz qalacaq”. Stoltenberg deyib ki, Birləşmiş Krallıq "AB ilə münasibətlərində yeni mərhələni müəyyənləşdirdiyi bir zamanda” "NATO-nun güclü və sadiq müttəfiqi” kimi qalacaq.
Onun sözlərincə, NATO AB ilə daha sıx əməkdaşlığa tərəfdardır və qətiyyətli NATO təlatümlü dünyada sabitliyin əsas sütunudur.
Referendumdan öncə Stoltenberg xəbərdarlıq edirdi ki, "parçalanmış Avropa qeyri-sabit və proqnozlaşdırılması mümkün olmayan duruma töhfəsini verəcək”.