Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə görüşə bilər. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.
O bildirib ki, nazirlərin görüşü Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında baş tuta bilər: "Biz Türkiyə və Ukrayna da daxil olmaqla, bütün nazirləri dəvət etmişik. Hələlik cavab yoxdur. Hesab edirəm ki, bu həftə, uzağı gələn həftənin əvvəlində toplantıda kimlərin iştirak edəcəyi məlum olacaq”.
Nazir müavini qeyd edib ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısının formatı ikitərəfli görüşləri nəzərdə tutmur: "Bu, çoxtərəfli meydançadır. Lakin nazir Sergey Lavrov hər zaman öz həmkarları ilə danışıb, görüşməyə hazırdır. Güman edirəm ki, türkiyəli nazir toplantıda iştirak etsə, bizim nazirimizlə danışmaq istəyəcək. Belə imkan olacaq və biz heç kəsdən qaçmırıq, gizlənmirik, hər kəslə danışırıq, hər bir danışıqlar üçün hər kəsə açığıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Habertürk” ə müsahibəsi zamanı deyib ki, Türkiyənin Rusiyadan üzv istəməsi və ya təzminat ödəməsindən söhbət gedə bilməz.
İ. Kalın bildirib ki, iki ölkə arasında gərginlikdən sıravi insanlar da zərər görür: "Bunun bizim turizm sektorumuza təsiri olub, amma Rusiya tərəfində də problemlər var. Rusiyanın milli günü münasibətilə məktubu isə cənab prezident dövlət ənənəsi olaraq göndərib”.
"Orada, əlbəttə, bir mesaj var. Bu gündən sabaha nəsə dəyişiklik ola biləcəyini demək isə hələlik tezdir, bunun üçün çalışmaq lazımdır. Lakin üzr istəmək və ya təzminat ödəməkdən söhbət gedə bilməz”, - deyə o qeyd edib.