Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir. APA-nın Avropa müxbirinin xəbərinə görə, AŞPA-nın bu gün səhər keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirə başlayıb. Günün ikinci yarısı müzakirələr davam etdiriləcək və Türkiyə ilə bağlı hesabat qəbul olunacaq.
AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Sənəddə 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar.
Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüblər. Onlar 2004-cü ildən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.
Bu gün səhər assambleyada keçirilmiş müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə ediblər.