"AŞPA Monitorinq Komitəsinin Ermənistana faktaraşdırıcı səfərin nəticələrinə dair məlumatında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktı göstərilməyib”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, AŞPA Monitorinq Komitəsinin 20 iyun tarixli iclasında Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cüzeppe Galatinin 10-12 may tarixlərdə Yerevana faktaraşdırıcı səfərlərinin nəticələri ilə bağlı məlumatları təqdim olunacaq: "Məlumatda aprel ayının əvvəlində cəbhədə baş vermiş dörd günlük müharibəyə diqqət ayrılıb. Diqqəti çəkən məqam odur ki, həmməruzəçilər Dağlıq Qarabağ probleminə yer ayırsalar da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi faktına toxunmayıblar. Onlar AŞPA-nın 26 yanvar 2016-cı il tarixli, işğal faktını özündə əks etdirən 2085 saylı qətnaməsinə istinad etməyiblər”.