Qazaxıstanda etirazları maliyyələşdirməkdə ittiham olunan biznesmen saxlanıb. O, Qazaxıstanda son antihökumət etirazlarının maliyyələşməsində ittiham olunur. İttihama görə, torpaqların özəlləşdirilməsinə qarşı etirazlar onun hakimiyyəti ələ keçirmək planının bir hissəsi imiş.
Baki-xeber.com "Azadlıq radiosu"na istinadən xəbər verir ki, ölkənin cənubundan olan biznesmen Toqtar Toleşov yanvarda kriminal qrupları maliyyələşdirməkdə və qanunsuz narkotik saxlamaqda şübhəli bilinərək həbs edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Xidməti (KNB) iyunun 6-da bildirib ki, Toleşovun planına "qaynar nöqtələr, etirazlar, kütləvi iğtişaş yaratmaqla ölkədəki durumu sabitsizləşdirmək daxil olub".
Toleşovla əlbir olmaqda şübhəli bilinən daha bir neçə nəfər, keçmiş prokuror müavini də saxlanıb. Biznesmen Rusiyada mənzillənən Terror Hədələrinin Təhlili Mərkəzinin yerli bölümünün rəhbəri idi.
Aprel və mayda Qazaxıstanda minlərlə sakin kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi planına qarşı etirazlar keçirib. Saxlananlar, cərimələnənlər olub.
Bundan başqa, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir ki, bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanıb (APA). Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi, general-mayor Doskaliyevin adı var.
Saxlanan şəxslər istintaq təcridxanasına salınıb. Araşdırma davam etdirilir.
Bu arada məlum olub ki, bu günlərdə Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin verdiyi məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.
O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.