Bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər. Trend-in məlumatına görə, müraciətdə "Metsamor" AES-in region və dünya üçün böyük təhlükə törətdiyi qeyd olunub.
Müraciətdə deyilir ki, "Metsamor" AES-in tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılması, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Digər narahatlıq doğuran məqam Ermənistanın bəzi rəsmi şəxslərinin "çirkli bomba" adlandırılan nüvə silahına malik olduqlarına dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir.