"Yaxın vaxtlarda Azərbaycanla İran arasında vizaların ləğvi məsələsi gündəmdədir”. APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, İranın Ermənistanla viza rejimini ləğv etməsi gözlənilmir.
Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməyib və biz Azərbaycanın yanındayıq. Ümid edirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq qanunlara əsasən sülh yolu ilə həll olunacaq. Ümid edirik ki, iki ölkə arasında başlanan danışıqlar və beynəlxalq səviyyədə həll yolları öz bəhrəsini verəcək. Minsk Qrupu bu məsələdə fəal iştirak etməklə məsələnin həllinə çalışmalıdır. Bu qrupun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üzvləri olduğu üçün BMT qətnamələrinin icrasına təsir göstərməlidirlər”.
Səfir bildirib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ilin ikinci yarısının əvvəllərində baş tuta bilər. Səfirin sözlərinə görə, Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
İran prezidentinin səfərinin məqsədi həmin görüşdə iştirak etməkdir.
"İran Həcc ziyarətindən imtina etməyib, xalqımız Həcc ziyarəti arzusundadır”. Bunu da İranın Azərbaycandakı səfiri deyib. O bildirib ki, keçən il baş vermiş hadisə ilə əlaqədar İran Səudiyyə Ərəbistanından zəvvarlarına təhlükəsizlik təminatı istəyib: "Biz 17 təklif vermişdik. Lakin Səudiyyə Ərəbistanı bu təkliflərdən heç birini qəbul etməyib, keçən il baş vermiş faciənin məsuliyyətini üzərinə götürməyib. Zəvvarlarımızın həyatı və təhlükəsizliyi bizim üçün vacibdir, bu üzdən də bu il onların Həcc ziyarətinə göndərilməsinə icazə vermədik. Çalışacağıq ki, bizim kvotamız dəyişməsin və gələn il şərait yaransa, yenidən zəvvarlarımızı Həcc ziyarətinə göndərək”.