Azərbaycan diasporundan Türkiyəyə dəstək...
Almaniya Bundestaqı uydurma "erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib. APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması” adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.
İclas Bakı vaxtı ilə saat 13.25-də Bundestaqın sədri Norbert Lammertin çıxışı ilə başlayıb. 1915-ci il hadisələrini soyqırım adlandıran N. Lammert o vaxtkı Almaniya İmperiyasının cinayətin iştirakçısı olduğunu bildirib: "Yüz il öncə baş verənlərə görə bugünkü Türkiyə məsuliyyət daşımır. Amma gələcək üçün məsuliyyət daşıyır”.
Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Rolf Mützenich deyib ki, qırğınların müharibə zamanı baş verməsi bunun soyqırım olmadığı mənasına gəlmir. O da Almaniyanın cinayətin iştirakçısı olduğunu vurğulayıb. Yaşıllar Partiyasının həmsədri, türk əsilli Cem Özdəmir də layihənin qəbuluna tərəfdar olduğunu söyləyib.
Çıxışlar 1 saat 15 dəqiqə davam edib. Baş nazir Angela Merkel, baş nazirin müavini Sigmar Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer başqa proqramları olduğu səbəbilə səsverməyə qatılmayıblar. Toplantını Türkiyənin Berlindəki səfirliyinin nümayəndəsi Gül Özgə Kaya da izləyib. İştirakçılar arasında Almaniyadakı erməni icmasının təmsilçiləri və erməni din adamları da olub.
Qətnamədə bildirilir ki, Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: "O dövrün "gənc türklər” rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir”.
Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu "utan verici” olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.
Sənəddə Osmanlıda yaşayan assuriyalılar, süryanilər və keldanilər kimi xristian azlıqların da soyqırıma məruz qaldığı iddia edilir, bu mövzunun Almaniyada dərs kitablarına salınması və gələcək nəsillərə çatdırılması tövsiyə olunur. Qeyd edilir ki, bu məsələ Almaniyada yaşayan türk və erməni əsilli vətəndaşların uyğunlaşmasına kömək edəcək. Almaniya hökumətindən isə Ermənistan və Türkiyə arasındakı uzlaşma cəhdlərini təşviq etmək və dəstəkləmək tələb olunur.
Qətnamənin qəbul esilməsindən sonra Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb. Bu barədə Trend Türkiyənin "Akşam" qəzetinə istinadən məlumat verir.
Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya parlamentinin uydurma "erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib. O, Bundestaqın qətnaməsini böyük səhv adlandırıb: "Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”.
Bundestaqın qətnaməsini şərh edən Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş isə bəyan edib ki, Türkiyə Almaniya parlamentinin qərarını qəbul etmir. Onun sözlərinə görə, Türkiyə bu qətnaməyə görə Almaniyaya layiqli cavab verəcək.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: "Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”.
Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib: "İlk addım kimi səfiri geri çağırdıq. Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək. Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Yasin Aktay isə deyib ki, Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi Ankara və Berlin arasında əlaqələrin xeyli pisləşməsinə xidmət edəcək.
Onun sözlərinə görə, Bundestaqın bu qərarı Almaniyada daxili vəziyyətə də mənfi təsir göstərəcək: "Bundestaqın antitürk qətnaməsini qəbul etməsi Almaniyanın Türkiyənin maraqlarına məhəl qoymaması anlamına gəlir".
Almaniyanın antitürk qətnaməsinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da münasibət bildirib. O bildirib ki, Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hər bir zaman qondarma "erməni soyqırımı"nın tanıdılmasına qarşı birgə mübarizə aparıb: "Biz dövlət olaraq da, diaspor təşkilatı olaraq da həmişə bu işin önündə olmuşuq. Dəfələrlə müxtəlif ölkələrdə bu məsələ qaldırılarkən Azərbaycan diaspor təşkilatları onun qarşısını alıblar. Almaniyada bu prosesin niyə getdiyini hələ analiz etmək lazımdır".