Azərbaycanın Fransadakı Dostlar Assosasiyası aprelin 1-dən 2-ə keçən gecə Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı çoxlu sayda insanların və mülki əhalinin ölümünə səbəb olan qanlı hərbi təxribatını kəskin şəkildə qınayan bəyanat qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Assosasiya yeni hərbi qarşıdurma nəticəsində həlak olan çoxsaylı günahsız qurbanların Ermənistan tərəfindən Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və 7 ətraf rayonlarının qanunsuz işğalı səbəbindən baş verdiyini xatırladır və Azərbaycan xalqına, hücuma məruz qalmış ailələrə tam dəstəyini ifadə edir.
Azərbaycanın Fransadakı Dostları Assosasiyası ATƏT-in Minsk Qrupunda üzərinə öhdəlik götürmüş dövlətlərin süründürməçiliklərini, faciəli qarşıdurmalara gətirib çıxara bilən əsassız status kvonu uzun illərdən bəri qoruyub saxlamaqlarından təəsüflənir.
Assosiasiya ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamələrin (822, 854, 874 və 884) bu mühüm beynəlxalq hüquqi sənədlərdə əks olunduğu kimi dərhal və qeyd-şərtsiz tam icra olunması üçün səylər göstərməyə və Ermənistana beynəlxalq təzyiqləri artırmağa çağırır.