Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Görüşdə regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olub.
Elmar Məmmədyarov: "…status-kvonu uzun müddət ərzində saxlamaq olmaz”
Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz.
E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi Rusiya və İranla da müzakirə olunub: "Konkret təkliflər var, biz ideya və düşüncələrimizi bölüşdük. Bunu tez həll etmək lazımdır, çünki insanlar ölür. Münaqişənin həllilə birbaşa məşğul olmaq lazımdır və hərbçilər kazarmalara qayıtmalıdır".
İran XİN: "Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə nizamlanmalıdır”
Cavad Zərif isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə, beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmalıdır.
Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentlərilə danışıqlar aparıb: "Fikrimcə, bundan sonra ciddi qərarların qəbul edilməsi üçün müzakirələr gedəcək".
Lavrov: "Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq mövcuddur”
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlinin tapılması məsələsində rahatlaşmamalıyıq və Rusiya nizamlanma üzrə təşəbbüslərini irəlilətmək üçün hər şey edəcək. Biz bu günkü danışıqlardan razıyıq”. Bunu isə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
O qeyd edib ki, Rusiya sülh barədə razılaşmanın əldə edilməsini məmnunluqla qarşılayıb.
S.Lavrovun sözlərinə görə, Moskva və tərəflər arasında təmaslar bütün səviyyələrdə həyata keçirilib: "Biz dostlarımıza kömək etməyə çalışdıq və ümid edirik ki, atəşkəs rejimi qorunacaq. Vəziyyət təmas xəttində etimad tədbirlərinin görülməsini tələb edir".
Bakıda üç ölkənin XİN rəhbərinin görüşünə toxunan S.Lavrov əlavə edib ki, görüşdə regionda təhlükəsizliyin, narkotik trafiki ilə mübarizənin əlaqələndirilməsi məsələlərinə diqqət ayrılıb.
O diqqətə çatdırıb ki, Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq masa üzərindədir və yalnız formulları tapmaq qalıb: "Biz artıq yaxınıq. Bu münaqişənin nizamlanmasında digərlərindən daha çox maraqlıyıq".
Azərbaycan və İran sərhədyanı dəmir yolu körpüsü…
Elmar Məmmədyarov deyib ki, Azərbaycan, İran və Rusiya bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinə, o cümlədən dəmir yolu şəbəkələrinə böyük önəm verirlər.
Nazir qeyd edib ki, aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.
E.Məmmədyarov əlavə edib ki, nazirlər terrorla, narkotika ticarəti və qaçaqmalçılıqla mübarizə məsələlərinə toxunublar: "Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi də müzakirə olundu".
Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər. Nazir bildirib: "Bu məsələ Bakıda İran tərəfilə ikitərəfli danışıqlarda müzakirə olunub və biz hazırda nəticəyə yaxınıq. Tezliklə Azərbaycan və İran arasında sadələşdirilmiş vizanı tətbiq edəcəyik".
Azərbaycan, Rusiya və İran birgə dəmir yolunun inşasında investisiya məsələsini müzakirə edəcəklər
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması məsələsinin bu ölkələrin müvafiq qurumları tərəfindən kompleks şəkildə öyrənilməsi üzrə razılığa gəliblər.
Bunu Lavrov rəsmi Moskvanın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə investisiya imkanları barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, tərəflər layihənin reallaşdırılması məsələsini əyani öyrənəcək: "Müvafiq qurumlarımız Xəzərin qərb sahilləri üzrə "Şimal-Cənub" layihəsinin reallaşdırılmasının praktiki aspektlərinin əyani öyrənilməsinə başlayacaqlar. Bu, Nəqliyyat nazirliklərinin iştirakı ilə işi nəzərdə tutur. Nazirliklər layihənin texniki və maliyyə parametrlərinə baxmalıdırlar. Bu, həmçinin gömrük və konsul xidmətləri xətti üzrə qarşılıqlı fəaliyyəti ehtiva edir. Bu gün bununla bağlı razılığa gəldik".
Azərbaycan, Rusiya və İran nəqliyyat layihələrini birgə inkişaf etdirəcək
Lavrov bildirib ki, Bakıda keçirilən XİN rəhbərlərinin görüşü həm iqtisadi, həm də siyasi müzakirələrin bütün sahələrində konstruktiv və uğurlu olub. Onun sözlərinə görə, nəqliyyat layihələrinin inkişaf etdirilməsi üzrə Nəqliyyat, Gömrük nazirliklləri, Konsul xidmətlərinin birgə işi barədə razılıq əldə olunub.
Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin yekun açıqlaması
Nazirlərin Bakı görüşünün yekunlarına dair mətbuat açıqlamasında deyilir ki, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda keçirilən görüşündə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər.
Açıqlamada bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər.
Xarici işlər nazirləri BMT Nizamnaməsinə və beynəlxalq hüququn ümum qəbul olunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.
Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər.
Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahəsində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.
Xarici işlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.
Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub-saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzimli olduqlarını təsdiq ediblər. Tərəflər Xəzər dənizin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.
Tərəflər etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər.
Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər.
Tərəflər öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması barədə razılaşıblar.