ABŞ Cənubi Qafqaz regionuna ciddi yanaşmalıdır. Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornellin "The Wall Street Journal"ındakı məqaləsində deyilir.
O hesab edir ki, əgər ABŞ Qafqazda irimiqyaslı müharibə istəmirsə, Azərbaycan və Ermənistanın danışıqlara cəlb edilməsi üzrə ciddi diplomatik təşəbbüsdə lider rol oynamalıdır: "Bu o zaman baş verə bilər ki, ABŞ Cənubi Qafqazdakı münaqişənin Ukraynadan tutmuş Suriyayadək uzun münaqişə cərgəsinin bir hissəsi olduğunu tanısın. Bundan başqa, bu münaqişələrdə ABŞ-ın maraqlarının Rusiyanın maraqları ilə müqayisədə tam əksi olduğunu etiraf etməlidir".
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələr fonunda ABŞ-ın təmkinliliyi Rusiyanın Cənubi Qafqazda təsirinin gücləndirilməsinə kömək edə və Suriya, Ukrayna və digər regionlar üçün ciddi və təhlükəli nəticələri ola bilər”. Bu barədə isə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayzanın ABŞ-ın Atlantik Şurasının saytında yerləşdirilən məqaləsində deyilir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son böhran zamanı ABŞ aşkar olaraq kənar edilmişdi və Ağ Ev indiyədək zorakılığın misilsiz artımı ilə bağlı heç bir bəyanat verməyib.
M.Brayza qeyd edib ki, Rusiya rəhbərliyi isə bu məsələdə fəal olub.