Son Qarabağ döyüşlərində əldə etdiyimiz yüksəkliklər hərbi taktika kontekstində nə deməkdir...

Qabil Hüseynli: "Ələ keçirilən yüksəkliklər elə mövqelərdir ki, Dağlıq Qarabağın bütün ərazisinə nəzarət imkanı verir"
"Əldə edilən uğurların cəbhədə yaratdığı əsaslı dönüş nəticəsində təkcə strateji təşəbbüs ələ keçirilməyib, ermənilərin hücum müqaviməti də tamamilə qırılıb"
Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar.
Qəhrəman Azərbaycan Ordusu, əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi və təmas xəttində üstünlüyünü daha da möhkəmləndirdi.
Açıqlanan rəsmi məlumatlarda da bəzi strateji yüksəkliklərin Azərbaycan tərəfinin əlinə keçdiyi bildirilir. Düşməndən azad edilən mövqelərin Azərbaycan üçün hansı vacib əhəmiyyəti var?
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlamasında bildirdi ki, qarşı tərəf hazırda böyük təşviş içərisindədir: "Azərbaycan 1 apreldən başlayan əks həmlələri ilə proseslərdə təşəbbüsü ələ keçirdi. Ələ keçirilən yüksəkliklər elə mövqelərdir ki, Dağlıq Qarabağın bütün ərazisinə nəzarət imkanı verir. Bu gün Talış və Madagizə yaxın yerlərdə Azərbaycan Ordusunun raket hissələrini yerləşdirməklə Xankəndini çox asanlıqla atəşə tutmaq olar. Üstəlik, Horadiz yaxınlığında ələ keçirilən "Lələtəpə" də az qala Cəbrayıla qədər böyük bir məsafədə, eləcə də Dağlıq Qarabağın cənub hissələrinə nəzarət imkanı verir. Son 5 gündə əldə edilən uğurların cəbhədə yaratdığı əsaslı dönüş nəticəsində təkcə strateji təşəbbüs ələ keçirilməyib, ermənilərin hücum müqaviməti də tamamilə qırılıb".
Q.Hüseynli hesab edir ki, bundan sonra ermənilər yeni müharibə istəmirsə, danışıqlar masasında konstruktiv mövqe tutmalıdır: "Ermənilər daha səfehlik etməməlidir ki, danışıqları Dağlıq Qarabağın statusunun müəyyən edilməsindən başlamalı, bu status öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanmalı, bunun üçün isə Dağlıq Qarabağda referendum keçirilməlidir. Bunlar yeni danışıqlar prosesində gündəmə gətirilməməlidir. Hətta bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında sayıqlamalar birdəfəlik unudulmalıdır".
Q.Hüseynli əlavə etdi ki, Azərbaycan Ordusunun gücü qarşısında diplomatiyamız da hücumçu mövqedə dayanmalıdır:
"Son addımlarımız göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Ermənistan bir faktı qəbul etməlidir ki, qeyri-konstruktiv iş apararsa, həm regiondakı layihələrdən kənarda qalacaq, həm də Azərbaycan Ordusu ilə üz-üzə gələcək. Nəticədə isə, Ter-Petrosyanın dediyi kimi, hazırkı şərtlər belə onlar üçün əlçatmaz olacaq. Cənubi Qafqazda sülh nəinki ermənilərin, regiondakı bütün millətlərin yüksək rifahı deməkdir".
Məhəmmədəli QƏRİBLİ