İlkin hesablamalara görə, tanınmamış Dağlıq Qarabağın təqribən 3 min sakini Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində evlərini tərk edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ermənistan KİV-inə istinadən xəbər verir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib ki, Dağlıq Qarabağın xəstəxanalarında dərman çatışmazlığı var.
Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndi xətəxanasına yaralılar üçün dərmanlar, tibbi və sarğı materialları verib.
Milli.az xəbər verir ki, Ermənistanın tanınmış hərbçilərindən biri, "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan İrəvandakı "İmpuls 106,5 FM" radiostansiyasına müsahibəsində Ermənistanın uduzduğunu etiraf edib.
"Fikrimcə, Ermənistanın kütləvi informasiya vasitələri Dağlıq Qarabağdakı savaşı yanlış işıqlandırır. Onlar deyirlər ki, "bütün bunlar Azərbaycanın Ermənistana qarşı aqressiv, genişmiqyaslı hərəkətləridir". Tək onlar yox, rəsmi şəxslər, Müdafiə Nazirliyi və s. də belə deyir" – deyə o bildirib.
Ter-Tadevosyanın dediyinə görə, Ermənistan ordusu hərbi əməliyyatlarda uduzdu.
"Azərbaycanın məqsədi qüvvə və vasitələrimizin, texnikamızın harada olduğunu öyrənmək idi. Onlar imkanlarımızı üzə çıxarmaq istəyirdilər. Və məqsədlərinə çatdılar. Bütün bunlar döyüşlə kəşfiyyat idi. Azərbaycanın bundan sonrakı məqsədi əldə etdiyi məlumatları təhlil etmək, sonra da ikinci addımı atmaqdır. Biz nə ilə cavab verdik?! Hər şey qəfil olduğundan bəzi mövqeləri itirdik," - Ter-Tadevosyan söyləyib.
Aparıcının "Azərbaycan məqsədlərinə çatdı?" sualına general-mayorun cavabı belə olub: "Çatdılar, çatdılar. Buna döyüşlə kəşfiyyat deyirlər. Hərb elmində məlum məsələdir. Əgər genişmiqyaslı hərbi əməliyyat olsaydı, ilk günlərdə Azərbaycan itkilər verməyəcəkdi, bizdə isə dəhşətli itkilər olacaqdı. Sonrakı nişanələr Qarabağın bir gün, iki gün bombalanması olacaqdı. Yəni bir neçə saat yox, Balkanlarda və ya "Səhrada fırtına"da olduğu kimi günlərlə bombardmanlar olacaqdı".