Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.
O, "Lifenews" əməkdaşının Azərbaycandan çıxarılması barədə sualı cavablandırarkən bildirib: "Mən Dağlıq Qarabağ münaqişəsini işıqlandıran rusiyalı jurnalistlərin yolverilməz reportajlarını gördüm. Jurnalistlər obyektiv olmalıdır və tərəf tutmamalıdırlar. Çox vaxt belə reportajlar tərəflərin barışması əvəzinə, onlarda bir-birinə qarşı nifrət oyadır".
M.Zaxarovanın sözlərinə görə, KİV anlamalıdır ki, söhbət xeyli sayda insanın öldüyü uzunmüddətli münaqişədən gedəndə obyektiv informasiya vermək lazımdır: "Müstəqil olan KİV söhbət münaqişənin kəskin fazasından gedəndə hər hansı tərəfi tutmamalı olduğunu başa düşməlidir".
Zaxarova deyib ki, Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səy göstərir. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu məsələni müzakirə edəcək: "Ümid edirik ki, Rusiya tərəfinin bu intensiv səyləri artəşkəs rejiminin möhkəm bərqərar olmasına və tərəflərin münaqişənin sülh yolu üzrə danışıqlara qayıtmasına xidmət edəcək".
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tam həllini istəyir və münaqişə tərəflərini danışıqlar masası arxasında oturtmağın mümkünlüyünə şübhə etməyi özünə rəva bilməz” deyə Mariya Zaxarova bildirib.
M.Zaxarova qeyd edib: "Buna nail ola bilməyəcəyimizə şübhə etsək, bu çox təhlükəli məntiq olar. Bu, sülh nizamlanmasını istməyənləri ruhlandıra bilər. Biz istəyirik və bilirik ki, hər iki tərəf də bunu istəyir".
XİN nümayəndəsi əlavə edib ki, Rusiya uzun illər vəziyyəti adım-addım tam nizamlanmaya gətirməyə çalışıb və bəzən tərəflər razılaşmanın bir addımlığında olublar: "Təəssüf ki, sonra proses yubanıb".
Onun sözlərinə görə, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri və beynəlxalq iri oyunçu kimi bu vəziyyətə cəlb edilmiş tərəflərlə rolu konstruktivdir.