Bu gün Milli Məclisin iclası keçirilib. Cəbhə xəttində son əməliyyatlar zamanı şəhid olan hərbçilərimiz Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib. Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov Ordumuza keçirdiyi uğurlu əməliyyatlara görə təşəkkürünü bildirib.
"İllər boyu Azərbaycan atəşkəs rejiminə sadiq olub. Hər dəfə Azərbaycan yüksək nailiyyət əldə edəndə ermənilərin təxribatı ilə rastlaşırdı, ancaq son vaxtlar ermənilər bizim mülki şəxsləri mərmilərdən atəşə başladı, Azərbaycan Ordusu bu təxrinata cavab verərək güclü əməliyyat apardı və Ermənistana öz yerini göstərdi" – deyə O.Əsədov bildirib.
O.Əsədov bildirib ki, Azərbaycan Ordusu mühüm strateji yüksəklikləri ələ aldı.
Spiker bildirib ki, gərginlik bu günə kimi də davam edir: "Azərbaycan o yüksəklikləri alandan sonra müvəqqəti atəşkəs elan etdilər ki, bu məsələlər öz həllini tapsın. Ancaq Ermənistan tərəfi atəşkəsə razılaşmadı və bu istiqamətdə öz hücumlarını davam etdirdi. Siz Azərbaycan Xarici İşlər Nazirliyinin də mövqeyini eşitdiniz ki, Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik".
O.Əsədov bildirib ki, Azərbaycan öz torpağında vuruşur: "Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur, biz bunu hamımız yaxşı bilirik. Biz bu məsələdə status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlasın. Bildiyiniz kimi Minsk qrupu toplanır. Ancaq Minsk qrupu toplansa da, onlara bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərəcək".
"Yayılan məlumatlardan görünür ki, Ermənistan Dağlıq Qarabağda döyüşmək üçün yaşlı insanları orduya çağırır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, qaçıb. Onlar bu güclə Azərbaycanla heç bir məsələni həll edə bilməzlər" – deyə O.Əsədov bildirib.
O.Əsədov qeyd edib ki, Azərbaycan Ordusu bir neçə mühüm yüksəkliyi aldıqdan sonra Ermənistan prezidenti Serj Sarkisyan bildirdi ki, Azərbaycan Ordusu öz mövqelərinə qayıtsa, Ermənistan kompromisə gedə bilər: "Sənin kompromisin bizə lazım deyil, torpaqlarımızı boşaldın".
Mətbuat Şurasına KİV-i bir aylığa bağlamaq səlahiyyəti verilsin!
Deputat Elmira Axundova Ombudsmanın jurnalistlərin müdafiəsinə qalxmasına etiraz edib. Deputat bildirib ki, Ombudsmanın hesabatında mətbuata təzyiqlərdən danışılır, jurnalistlər müdafiə olunur: "Lakin Ombudsman demir ki, media kimlərləsə hesablaşmaq, açıq reketçiliklə pul qazanmaq yerinə çevrilib. Bizi bu jurnalistlərdən kim müdafiə edəcək? İnformasiya üzrə müvəkkilin səlahiyyətlərini Ombudsmana verdik. Lakin bu müddətdə informasiya üzrə müvəkkilin fəaliyyətini görmədik. Bunun Elmira Süleymanovaya aidiyyəti yoxdur. Təklif edirəm ki, biz İnformasiya üzrə müvəkkili müstəqil qurum kimi bərpa edək. Ya da Elmira Süleymanovaya əlavə səlahiyyətlər verək. Həmçinin Mətbuat Şurasına da səlahiyyətlər verək. Milli Teleradio Şurasında olduğu kimi, Mətbuat Şurası da bəzi mətbuat və ya saytları bir aylığa dayandırmaq barədə qərar vermək səlahiyyətinə malik olmalıdır. Neqativ hallara qarşı Mətbuat Şurası daha təsirli mübarizə aparmalıdır”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, jurnalistikanın imtahanı davam edir: "Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra məqamlar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyə bilir”.
O E. Axundovaya tövsiyə edib ki, jurnalistikanın probleminə yanaşırsa kompleks yanaşsın: "Bu sahədə maddi və sosial sahəni də nəzərə alın”.
Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış…
Milli Məclisin iclasında Azərbaycanın xaricdəki diaspor təşkilatlarına da çağırış edilib, habelə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmə təşəbbüsü irəli sürülüb. Qənirə Paşayeva son günlər təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranan gərginlikdən, dünyadakı erməni lobbisinin təsirindən danışıb.
O, Azərbaycanın xaricdəki diaspor təşkilatlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlı gəncləri fəal olmağa çağırıb. Deputat bildirib ki, dünya birliyinə obyektiv məlumatın çatdırılması, obyektiv qiymətin verilməsi məhz xaricdəki diaspor hərəkatından asılıdır: "Erməni diasporu, lobbisi və dəstəkçiləri son hadisələrlə bağlı yenə Azərbaycana qarşı yalanlarla dolu təbliğata başlayıblar. Buna imkan verməməliyik. Diasporumuz yaşadığı ölkələrdə diqqətli və duyarlı olmalıdır. Gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdır. İnformasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Buna da xüsusi diqqət göstərməliyik”.
Daha sonra deputat Silahlı Qüvvələrə Yardım Fonduna maaşının bir qisminin köçürəcəyini bildirib.
Deputatlar əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürür
Milli Məclisdə deputatlara əmək haqlarını Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürmək çağırışı da edilib. Qüdrət Həsənquliyev çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib.
O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".
Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək verib.
Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, 1994-cü ildən bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub.
Z.Əsgərov bildirib ki, bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib: "Səbr etdik, dözdük. Nə qədər ki, atəşkəs rejimi pozulurdu biz danışıqlara gedirdik. Son illər dəfərlərlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışqılar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər həddlərini aşırdılar. Cəzasız vəziyyətdən istifadə edərək bu addımı atırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdirlər. Xüsusilə də ATƏT-in Minsk qrupu bəyanat versələr də əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdılar. Təəssüf ki, bu belədir. Halbuki onların missiyası sülhyaratmaq olsa da, biz bunu da görmədik".
Z.Əsgərov deyib ki, belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir: "Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Düşmən tərəf Azərbaycan Ordusunun praktik gücünü gördü. Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu".