Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulmasını dərhal dayandırmaq lazımdır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov moldovalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
S.Lavrov qeyd edib ki, münaqişənin sülh yolu ilə nizamlanması üzrə səylərin bərpa edilməsi ilə bağlı çətinliklər yaratmamaq lazımdır: "Bakı və Yerevanla təmaslarımızı davam etdiririk ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransadan verilən siqnallar eşidilsin".
Nazir qeyd edib ki, Minsk qrupunun verdiyi bəyanat Rusiya rəhbərliyinin bəyanatı ilə eyni məcradadır: "ATƏT-in Minsk qrupu olduqca böyük mexanizmdir və o, münaqişənin yekun nizamlanmasının əsaslanmalı olduğu prinsipləri müəyyənləşdirib. Praktiki iş üçün daha kompakt mexanizm lazımdır ki, bu da ATƏT-in 3 həmsədr ölkəsidir".
S.Lavrov əlavə edib ki, tərəflərlə təmaslarda əldə edilmiş nailiyyətlər çox əhəmiyyətlidir: "ATƏT-in Minsk qrupu ölkələrinin rəhbərləri səviyyəsində də imzalanmış sənədlər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Helsinki Yekun Aktının yekun məcmu prinsipləri əsasında dinc siyasi yolla tənzimlənməsini nəzərdə tutur".
"Dağlıq Qarabağda baş verən son hadisələrdə biz heç bir xarici oyunçunu ittiham etmirik. Bu hadisələrdə Ankaranı da günahlandırmırıq”. Bu barədə Lavrov jurnalistin son hadisələrdə Türkiyənin rolunun olub-olmaması ilə bağlı sualına cavabında bildirib.
"Əlbəttə ki, biz Türkiyə rəhbərliyinin birtərəfli bəyanatını eşitmişik. Lakin ümumilikdə bizim türkiyəli qonşumuz üçün vacib kurs o olmalıdır ki, xarici ölkələrin daxili işlərinə qarışmasın. Gah Suriya, gah İraq... Türkiyə bu ölkələrin daxili işlərinə qarışır, terrora dəstək verməyə davam edir. Bunlara dair lazımi qədər faktlar var. Ona görə də Dağlıq Qarabağda baş verən son hadisələrdə Ankaranın hansı rol oynadığını mühakimə etməyəcəyəm".