Əgər mümkündürsə, Gürcüstan Dağlıq Qarabağ münaqişəsində mediator rolunu oynamalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze deyib.
Onun sözlərinə görə, bir sıra səbəblərə görə bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı: "Bu, bütün region üçün ağrılı prosesdir".
V.Kapanadze qeyd edib ki, münaqişə tərəfləri hər hansı xahiş ilə Gürcüstana müraciət etməyiblər: "Hər iki tərəf vəziyyətlə bağlı Tbilisini maksimum məlumatlandırmağa çalışır".
Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.
Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.