"Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan antiazərbaycan mövqeyini başa düşmək mümkün deyil". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Rusiya mətbuatında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı yayılan antiazərbaycan mövqeli yazılara münasibət bildirərkən jurnalistlərə deyib.
Baş nazirin müavini bildirib ki, Rusiya mətbuatında, xüsusilə onun hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində baş verən son gərginliklə bağlı birtərəfli, antiazərbaycan mövqeyinin təbliğ olunmasının mənasını anlamır.
O, qeyd edib ki, vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır, heç olmasa, münaqişə tərəflərindən hər hansı birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir: "Amma bəzi hallarda bunun əksini görürük”.
Ə.Əhmədov əlavə edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən, Rusiya ilə münasibətlərin qorunmasında, inkişaf etdirilməsində maraqlıdır: "Digər bir tərəfdən, RF Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan antiazərbaycan mövqeyini başa düşmək mümkün deyil".
Ə.Əhmədov bildirib ki, münaqişənin indiyə qədər nizamlanmaması, vəziyyətin bu həddə gəlib çatmasının çox mühüm səbəblərindən biri ATƏT-in Minsk qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi olub.
Ə.Əhmədov bildirib ki, bu yaxınlarda Azərbaycan Prezidenti təkcə öz mövqeyini yox, həm də xalqın mövqeyini qəti şəkildə ifadə etdi: "Əgər Minsk qrupu indiyə qədər ədalətli mövqe tutsaydı, işğalçı ilə işğala məruz qalanın hər ikisini tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, ədalətli "resept" təklif etsəydi, yəqin ki, indiyə qədər münaqişə aradan qalxardı və indi də Cənubi Qafqazda gərginliyə gətirib çıxaran bu qarşıdurma olmazdı. Azərbaycan hökuməti bundan özü üçün vacib nəticələr çıxaracaq və bundan sonra həyata keçirəcəyi siyasətində təbii ki, bütün bunlar nəzərə alınacaq”.