Aprelin 2-də Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir. Dünya mediası Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır.
Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Britaniya medyasının da diqqət mərkəzindədir.
Ölkənin "BBC”, "The Independent” kimi nüfuzlu KİV-ləri cəbhə xəttində yaranan gərginlik barədə son məlumatları işıqlandırıblar.
"The Independent” qəzetində verilən xəbərdə "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və iyirmi ildən çoxdur ki, erməni separatçıların nəzarətindədir” kimi ifadələr yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür.
"Associated Press”: Ermənistan tərəfdən 100-dən çox əsgər öldürülüb və yaralanıb
Nüfuzlu "Associated Press” beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə "Dağlıq Qarabağ separatçı regionu”, "Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”, "Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.
Həmin xəbər "Associated Press”ə istinadla ABC News, "Washington Times”, "Washington Post”, NBC, Fox 13, "New York Times”, "Deutsche Welle” kimi məşhur informasiya mənbələrində və bir çox ölkələrə məxsus saytlarda yerləşdirilib.
Türkiyə KİV-ləri...
Bundan başqa, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərindən Silahlı Qüvvələrimizə və cəbhə bölgəsindəki yaşayış məskənlərinə növbəti təxribatının qarşısının qətiyyətlə alınması barədə məlumatlar Türkiyə KİV-ləri tərəfindən geniş yayılıb.
Qardaş ölkənin mediasında Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində düşmənə sarsıdıcı cavab zərbələrinin endirilməsinə, bir neçə strateji yüksəkliyin geri alınmasına, bölgədə yaranmış gərginliklə əlaqədar beynəlxalq təşkilatların və böyük dövlətlərin mövqelərinə yer ayrılıb.
Anadolu Agentliyi, "Huriyyət”, "Sabah” və "Milliyət” qəzetləri, o cümlədən ölkənin nüfuzlu televiziya kanalları Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə nəzarət etməsi, şəxsi heyətin döyüş hazırlığı və ruh yüksəkliyi barədə informasiyalar yaymaqdadır.