ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar birgə bəyanat yayıblar.
Trend ATƏT-in saytına istinadən məlumat verir ki, bəyanatda Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər: "Biz gücdən istifadəni qətiyyətlə pisləyir və insanların, o cümlədən mülki vətəndaşların əbəs yerə həlak olmasına görə təəssüflənirik".
Həmsədrlər tərəfləri atəşkəsə əməl etməyə və vəziyyətin sabitləşməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırlar: "Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə vəziyyətdən çıxış yolu ola bilməz".
Federika Mogerini…
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini də Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib. APA-nın məlumatına görə, F. Mogerininin yaydığı bəyanatda deyilir ki, o, tərəfləri atəşkəsə əməl etməyə çağırıb: "Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkət və bəyanatlardan çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək".
ATƏT sədri…
Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyə tez bir zamanda son qoyulmalıdır. Bu barədə Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer bildirib.
"Mən bütün tərəfləri atəşkəsə hörmətlə yanaşmağı çağırıram. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Tərəflər siyasi iradə nümayiş etdirməli və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməlidir", - deyə o qeyd edib.
ATƏT-in baş katibi…
Avropa Şurasının Baş katibi…
Avropa Şurasının Baş katibi Thorborn Yaqlandın bəyanatında isə deyilir: "Dağlıq Qarabağ münaqişə zonasında, təmas xəttində döyüşlərin qızışmasından dərin narahatlıq keçirdim. Avropa Şurası hər iki tərəfi lüzumsuz qanaxıdılmasını dayandırmağa çağırır. Bu, ancaq və ancaq zorakılığın artmasına, xeyli dinc sakinin həyatını itirməsinə gətirir. Tərəfləri Avropa İnsan Haqları Konvensiyasının zəmanət verdiyi yaşamaq hüququnu qorumağa, atəşkəsi və sülh danışıqlarını bərpa etməyə çağırıram”.
NATO…
"Dağlıq Qarabağa münaqişəsinin tərəfləri atəşi dayandırmalı və vəziyyəti sabitləşdirməlidir”.
Bunu isə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O, Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasından dərin narahatlığını ifadə edib.