Gürcüstan prezidenti Georgi Marvelaşvili hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə şəffaf danışıqlar aparmağa çağırıb. "APA-Economics" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı parlamentdə hesabat xarakterli çıxışı zamanı bildirib.
"Bir daha ölkə başçısı kimi bildirirəm ki, biz qonşularımıza xoşməramlı münasibətə üstünlük veririk. Bu münasibətlərin təməlində ilk növbədə milli mənafeyimizə, ərazi bütövlüyümüzə göstərilən hörmət dayanmalıdır. Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar maksimum şəffaf olmalıdır... Qonşu ölkə (Rusiya - red.) ilə münasibətlərimizdə müşahidə olunan yumşaq gücdən xilas olmalıyıq və bunun üçün Qərbdən olan tərəfdaşlarımızla koordinasiya vacibdir. Anlamaq lazımdır ki, "Qazprom"la aparılan danışıqların predmeti yalnız enerji deyil", - deyə prezident bildirib.
Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.
Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında yüklərin daşınmasında vacib olan vaxtı kifayət qədər qısaldacaq.
O bildirib ki, Gürcüstan ölkənin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edən tranzit funksiyasını bərpa edir: "Tarixi funksiya həyata keçirdiyimiz vacib coğrafi mövqedə yerləşirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru xətti və İpək Yolu ilə bağlı digər təşəbbüslər çox vacib potensialdır”.
Prezident bu kimi irimiqyaslı layihələrin təkcə region deyil, bütövlükdə Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Biz bu layihələrin və hazırda reallaşdırılan digər məsələlərin tez bir zamanda həll olunması üçün məqsədyönlü işlər görürük. Gürcüstan hökuməti bu istiqamətdə konkret layihələr hazırlayıb”.
Qeyd edək ki, parlamentdə prezidenti dinləyənlər arasında diplomatik korpus nümayəndələri, o cümlədən Azərbaycan səfirinin müavini Dursun Həsənov da var.