Ukrayna Prezidenti Petro Poroşenko deyir ki, Rusiya ilə Ukrayna arasında açıq müharibə risqi bir il öncəkindən böyükdür.
Almaniyanın "Bild” qəzetinin dərc etdiyi müsahibədə Poroşenko söyləyib ki, Rusiya Minsk razılaşmasının "bircə bəndini də” icra etməyib. Minsk sazişi Ukraynanın şərqində atəşkəs və sülh planından ibarətdir.
"Əvəzində ölkəmizdə 8 min rus əsgəri görürük. Birbaşa sərhəd boyunca yeni hərbi sahələr yaranır, daimi hərbi təlimlər keçilir”, Poroşenko deyib. O, fevralın 1-də Berlində Angela Merkellə görüşüb.
"İndi Rusiya Almaniyaya qarşı da informasiya müharibəsi başladıb”, Poroşenko deyib.
Berlin Rusiyanın Almaniyada qarışıqlıq yaratmaq, Merkeli zəiflətmək cəhdlərindən şübhələnir. Merkel Rusiyanın Krımı anneksiyasından sonra Moskvaya qarşı sərt mövqe tutb.
Bu arada Ukraynanın, müharibənin getdiyi ölkənin şərqində Rusiya ilə olan sərhədində 230 km uzunluğunda xəndək qazdığı ortaya çıxıb. Ukraynanın Rusiya ilə sərhədi olan Xarkov və Çerniqov bölgələrində xəndəklərin yanında dəmir barmaqlıqların və müşahidə qüllələrinin inşa edildiyi də bildirilir. Ukrayna tərəfi bu yolla Rusiya sərhədini nəzarət altında saxlamağa çalışır. Ukraynanın Rusiya sərhədinə divar hörülməsi təklifi əvvəllər də gündəmə gəlmişdi.