ABŞ rəhbərliyinin Suriya prezidenti Bəşər Əsədin 2017-ci ilin martından tez hakimiyyətdən gedəcəyini gözləmir.
Baki-xeber.com xəbər verir ki, "Associated Press” xəbər agentliyinə sızan və Suriya böhranı ilə bağlı müzakirələrdə iştirak edən amerikalı rəsmilər üçün hazırlanan sənəddə, Əsədin və yaxın ətrafının 14 ay sonra vəzifələrindən ayrılmaları nəzərdə tutulur.
Suriyada keçid prosesi bu şəkildə yekunlaşarsa, ABŞ prezidenti Barak Obama 2017-ci ilin yanvarında postunu təhvil verəcək, ancaq Əsəd iki ay daha Suriya prezidenti olacaq. Halbuki Obama 2012-ci ildən Əsədi vəzifədən ayılmağa çağırır.
Sözügedən təqvim isə Birləşmiş Millətlər Təşkilatının da təsdiqlədiyi sülh planına əsaslanır. İlk dəfə noyabr ayında Vyanada beynəlxalq konfransda gündəmə gələn plana görə, may ayında Suriya parlamenti buraxılacaq.
2017-ci ilin avqustunda isə ölkədə həm president, həm də parlament seçkiləri keçiriləcək. Suriyanı o vaxta qədər müvəqqəti hökumət idarə edəcək.
BMT Suriya xüsusi nümayəndəsi Staffan de Mistura Suriya hökumət ilə müxaliflər arasındakı sülh danışıqlarının yanvarın 25-də Cenevrədə başlamasını istəmişdi. Ancaq Səudiyyə Ərəbistanı ilə İran arasındakı son gərginliyin bu təqvimi və ümumiyyətlə görüşə necə təsir edəcəyi bilinmir.