ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda baş tutacaq IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi ölkəmiz üçün mühüm hadisədir və Azərbaycanın nə qədər əhəmiyyətli dövlət olduğunun göstəricisidir. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bu gün Azərbaycan regionda ən inkişaf etmiş dövlətlərdən biridir: "Məhz bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə dəvəti məqsədəmüvafiq hal kimi qiymətləndirilməlidir”.
O, əlavə edib ki, bu dəvət ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Ekspert bildirib ki, bu dəvət, eyni zamanda ABŞ ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışan qüvvələrə bir mesajdır: "Bu dəvət bir daha onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti ayrı-ayrı şəxslərin, hansısa qüvvələrin fikirləri əsasında formalaşmır. ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan dünyəvi dövlətdir və müasir qanunlarla idarə olunur. ABŞ da bunu yaxşı başa düşür”.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı antiazərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır. Bunu isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, erməni diaspor təşkilatları, dairələri vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər: "Bununla belə, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidentini sammitə dəvət etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir. Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir”.
A.Mirzəzadənin sözlərinə görə, sammit çərçivəsində bir qayda olaraq ikitərəfli görüşlərin keçirilməsi də artıq ənənəyə çevrilib.