Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) "Azərros”un keçmiş rəhbəri Söyün Sadıqov və Konqresin icraçı direktoru İlqar Hacıyevin Rusiya Dövlət Dumasına təqdim olunan "erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
İ. Hacıyev APA-ya açıqlamasında xəbərlərin əsassız olduğunu, kimlərsə tərəfindən məqsədli yayıldığını deyib və bunu təxribat adlandırıb. O qeyd edib ki, bu ay Rusiyadakı azərbaycanlılar adından layihəyə etiraz olaraq Dövlət Dumasının sədri Sergey Narışkinə, prezident Vladimir Putinə və baş nazir Dmitri Medvedevə rəsmi məktub göndərəcəklər.
İ. Hacıyev S. Sadıqovun da belə bir addım atacağına inanmadığını söyləyib: "Əvvəla, o artıq "Azərros”da deyil, ikincisi də onun belə bir addım atması üçün səbəb görmürəm. Heç bir fakt göstərilmədən belə məlumat yayıb, bizi ləkələmək istəyirlər. Bizim hər ilin sonunda bütün regional təşkilatların rəhbərlərinin iştirakı ilə yekun iclasımız keçirilir, sadəcə olaraq, ötən ay bu iclası təşkil edə bilmədik. Bu ay ötən ilin yekunlarına dair toplantının gündəliyində etiraz sənədinin hazırlanması da var. Müraciətdə göstərəcəyik ki, belə bir layihənin qəbulu Rusiya qanunvericiliyinə ziddir. Mən özüm hüquqşünas, vəkil kimi bu qanun layihəsini əsassız sayıram. Ən azı ona görə ki, məsələn, Rusiya vətəndaşı olan azərbaycanlılar bu qanun qəbul olunduqdan sonra qondarma soyqırımı inkar edəcəkləri təqdirdə, məsuliyyətə cəlb oluna bilər ki, bu da absurddur. Bizim Konqres qarşısına qoyulan öhdəliyə sadiqdir və başlıca məqsədi də Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsidir".
"Azərros”un bir neçə regional təşkilatı tərəfindən artıq belə bir müraciətlərin qəbul olunduğunu deyən İ. Hacıyev bunun xaotik formada həyata keçirildiyini vurğulayıb: "Biz bu ay müzakirə keçirib, dolğun və aydın rəsmi sənəd hazırlayaraq Duma rəhbərinə, prezident Putinə və baş nazir Medvedevə göndərəcəyik. Lazım gəlsə, geniş aksiyalar, nümayişlər formasında haqqımızı tələb edəcəyik. Biz əminik ki, Rusiya rəhbərliyi mövqeyimizi nəzərə alacaq. Çünki məlum Orxan Zeynalov hadisəsində tələblərimiz ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandı və azərbaycanlılara rəğbət ifadə olundu”.
"15 ildir mənim Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Rusiya ərazisində gördüyüm işlər hamıya məlumdur. Mən 2000-ci illərdə "Starıy ploşad"da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirəndə indi özünü vətənpərvər adlandıranlar haradaydılar?..” Bunu isə "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin sabiq prezidenti Söyün Sadıqov deyib. O, Rusiya Dövlət Dumasına təqdim olunan və "erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərməsi barədə yayılan məlumatların yalan olduğunu söyləyib: "Mən diaspor fəaliyyəti ilə çoxdandır ki, məşğul olmuram. Azərbaycan diasporundan getmişəm. İndi başqa işlə, daha praqmatik siyasətlə məşğulam. Diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə ancaq bayramlarda zəngləşib, bayramlaşırıq. Son vaxtlar aramızda diasporun fəaliyyəti ilə bağlı heç bir söhbət olmayıb. Mənim haqqında belə informasiya yayanları anlamıram, heç anlamaq da istəmirəm. Həmin adamlar yalan və böhtan yazmağa öyrəşmiş adamlardır".
S. Sadıqov "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov tərəfindən Dövlət Dumasına təqdim olunan "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin bir partiyanın siyasi gedişi olduğunu bildirib: "Əvvəla, qeyd edim ki, Rusiya "erməni soyqırımı"nı rəsmən tanıyıb. Ötən il Rusiya prezidenti də İrəvanda keçirilən "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirə gedərək Rusiyanın mövqeyini bir daha ortaya qoyub. O ki qaldı Mironovla Leviçevin hazırladığı qanun layihəsinə, onu deyə bilərəm ki, bu, bir siyasi partiyanın erməni diasporundan pul almaq üçün atdığı addımdır. Bu yaxınlarda Sergey Mironovla da görüşdüm. Ona da dedim bu barədə. 2016-cı ildə Rusiyada seçki ilidir. Bundan öncəki seçkilərdə Sergey Mironovun rəhbərlik etdiyi "Ədalətli Rusiya” Partiyası səslərinin çoxunu itirmişdi. Görünür, Rusiyadakı erməni diasporunun səsini və pulunu qazanmaq üçün bu addımı atırlar. Bu qanun layihəsini "Ədalətli Rusiya” Partiyasından başqa heç bir partiya və deputat dəstəkləməyəcək. Bildiyiniz kimi, qanun layihəsi artıq Dumaya təqdim olunub. Üstündən də xeyli vaxt keçib. Əgər "yuxarı"lardan əmr gəlsəydi, qanun layihəsi çoxdan qəbul olunardı. Bu qanun layihəsi heç vaxt qəbul edilməyəcək. Çünki Dövlət Dumasında çox ağıllı və müdrik adamlar təmsil olunur. Onlar yaxşı başa düşürlər ki, belə bir qanunun qəbulu Azərbaycanı və Rusiyada yaşayan azərbaycanlıları Rusiyadan incik sala bilər. Onlar yaxşı başa düşürlər ki, ortada Xocalı soyqırımı da var. Eyni münasibəti bu hadisəyə də sərgiləmək məcburiyyətində qalacaqlar. Bu səbəbdən də, Azərbaycan diasporu bu məsələdə heç bir ajiotaja yol verməməlidir, diasporumuzun bəzi nümayəndələri ucuz vətənpərvərliyə son qoymalıdırlar”.